ABŞ Dövlət katibi Entoni Blinken Azərbaycanla sülh müqaviləsi imzalaması üçün İrəvana təzyiq etməlidir.
AzerTimes xəbər verir ki, bunu ABŞ-ın Hudzon İnstitutunun Yaxın Şərq Sülh və Təhlükəsizlik Mərkəzinin direktoru Maykl Doran “Voll Strit Jurnal” qəzetindəki məqaləsində qeyd edib.
“Dövlət katibi Entoni Blinken bu həftə Vaşinqtonda Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu iki ölkə arasında sülh müqaviləsi bağlamaq üçün qəbul edib. Bu, Vaşinqtonun vasitəçilik rolunun əhəmiyyətli dərəcədə genişlənməsidir və təqdirəlayiqdir. Bundan əvvəl, ötən ilin noyabrında Blinken Bayramov və Mirzoyanı qəbul etsə də, bu dəfə o, qonaqları salamlamaqla yanaşı, həm də onları bir-biri ilə birbaşa ünsiyyət qurmağa dəvət edib”, – məqalədə bildirilib.
Müəllif qeyd edir ki, Fransa Prezidenti Emmanuel Makron Cənubi Qafqazda diplomatiyaya böyük diqqət yetirir, onun səyləri birmənalı olaraq Azərbaycana deyil, Ermənistana faydalıdır:
“Ermənistan Qarabağı Azərbaycanın suveren ərazisi kimi tanımayana qədər problem həll olunmayacaq. Amma Ermənistan Baş naziri Nikol Paşinyan belə bir addıma hazır görünmür. İrəvan yenidən düşünsə, ABŞ və müttəfiqləri Qarabağda ermənilərin rifahını təmin etmək üçün onunla və Bakı ilə əməkdaşlıq edə bilər. Təəssüf ki, senator Bob Menendez və nümayəndə Adam Şiff kimi ABŞ-dakı erməni icmasının bir çox nüfuzlu dostları İrəvana bu istiqamətdə təzyiq etməkdən imtina edirlər”.