“Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyətin açılışı olub (FOTO)

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Bizim həyət” layihəsi çərçivəsində növbəti abadlaşdırılmış həyət sakinlərin istifadəsinə verilib.

Bakı Şəhər İcra Hakimiyyətindən AzerTimes-a bildirilib ki, yenilənmiş həyət Bakı şəhəri, Sabunçu rayonu, Adil Əlibabayev küçəsində yerləşən 2000 nəfərdən çox sakinin yaşadığı 1-5 saylı binaları əhatə edir.

“Bizim həyət” layihəsinin əsas məqsədi Bakı həyətlərinin ekoloji cəhətdən təmiz və abad edilməsi, şəhər ekologiyasının sütununu təşkil edən yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.

Abadlaşdırılan növbəti həyətdə əlil və sağlamlıq imkanları məhdud olan insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması, gənclərin asudə vaxtlarının səmərəli keçirmələri və onlarda sistematik idmanla məşğulolma refleksinin yaradılması məqsədilə müxtəlif idman qurğuları, futbol meydançaları, şahmat meydançaları, uşaqlar üçün oyun meydançaları, velosiped yolu salınıb. Yeni həyətin ərazisində 8 ədəd söhbətgah inşa edilib, oturacaqlar, tullantılar üçün qutular quraşdırılıb.

Sakinlərin istək və maraqları nəzərə alınaraq, yeni liftlər,işıqlandırma dirəkləri, yanğın hidrantları quraşdırılıb, binaların fasadları, dam örtükləri və giriş hissələri təmir olunub. Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq 30 ədəd ağac əkilib və 2000 kv.metr ərazidə yaşıllıq zolağı salınıb.

Sözügedən layihənin Bakının bütün rayonlarında həyata keçirilməsi nəzərdə tutulur. Bununla əlaqədar, paytaxtımızın abadlaşdırılmaya ehtiyacı olan həyətləri haqqında məlumat və tövsiyələrin IDEA İctimai Birliyinə təqdim edilməsi xahiş olunur.

Teqlər: