İranın Ermənistanla hərbi müttəfiqlik sazişi imzalamaq və bu ölkəyə ordu yerləşdirmək istiqamətində təbliğatı və təzyiqi getdikcə güclənir.
AzerTimes xəbər verir ki, əvvəlcə iranlı təbliğatçıların dili ilə ifadə edilən bu “istək” daha sonra erməni siyasətçilərin və politoloqların da əsas təbliğat vasitəsinə çevrilib.
Bir müddət öncə müxalifət təmsilçisi Tiqran Abramyan İrana dəvət edilmiş, onunla bağlı qapılar arxasında görüşlər keçirilmiş və “ən yüksək səviyyədə” təkliflər dilə gətirilmişdi. Abramyan İrəvana qayıtdıqdan sonra İranın Ermənistana ordu yeritmək istəyində təkid etdiyini açıq şəkildə bildirmiş və bunun İrəvanın maraqlarına uyğun olduğunu da qeyd etmişdi.
Bunun ardınca isə İranın müəyyən vəsaitlər hesabına təbliğatını gücləndirəcəyi haqda məlumat yayıldı ki, artıq bunun “nəticələri” görünməkdədir. Hazırda daha çox erməni politoloq “İran ordusunun Ermənistanda yerləşdirilməsindən” bəhs edir.
Növbəti belə bir açıqlamanı erməni politoloq Armen Ayvazyan verib. O iddia edib ki, Rusiya və Qərbin “böyük hissəsi” Ermənistanı Azərbaycana qurban verməyə çoxdan razılaşıb.
“Rusiya Ermənistana qarşı hər gün Azərbaycana dəstək ifadə edir, Qərb də İrəvana zəmanət verməyəcəyini bildirir”, – deyən Ayvazyan “ümid” kimi İran ordusunu çağırmağı təklif edib:
“Azərbaycana heç bir güzəştə getmək olmaz. Bundan əlavə, diqqəti İrana yönəltmək, onunla müqavilələr bağlamaq, birgə təlimlər keçirmək, lazım gələrsə, Zəngəzurda müəyyən sayda İran bölmələrini yerləşdirmək lazımdır”.