Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin Milli Məclisin komitə iclasında qanun layihəsi müzakirə edilərkən çıxışı və taksilərlə bağlı səsləndirdiyi fikirlər ictimai etiraz doğurmuşdu, millət vəkilləri də buna qarşı çıxmışdılar. Məsələn, biri çox hörmətli Aqil Abbas.
Ancaq bu gün qanun layihəsi plenar iclasa çıxarılarkən bəzi millət vəkilləri, məsələn, Aqil Abbas komitə sədri Tahir Mirkişilinin əsaslandırmalarını “gözəl” adlandıraraq, fikrini dəyişdiyini və taksi fəaliyyətini məhdudlaşdıracaq qanun layihəsinə səs verəcəyini bildirib.
Tahir Mirkişili cənab nazirimizin istifadə etdiyi hansı sözləri leksikonundan çıxarıb ki, sayın millət vəkillərinin taksilərə qarşı qanuna səs verməsini təmin edə bilib?
Bura bütün sitatları yazsaq, uzun olar – bəzi qeydlərlə kifayətlənək.
Tahir Mirkişili deyir ki, ictimai nəqliyyatdan istifadə 40% azalıb, metrodan istifadə isə hələ də 2019-cu il səviyyəsinə çatmayıb.
Xırdaca axtarış veririk və önümüzə çıxır ki: 2022-ci ilin yanvar-avqust aylarında Azərbaycanda nəqliyyatçılar 1 milyard 24,9 milyon sərnişinə xidmət göstəriblər.
DSK açıqlayıb: sərnişinlərin 87,1 faizi avtomobil nəqliyyatı, 12,5 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.
Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 892,2 milyon sərnişin daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə 25,0 faiz artım qeydə alınıb.
Sərnişinlərin 94,1 faizi avtobus, 5,9 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib, sərnişin dövriyyəsi isə 24,3 faiz artıb.
Statistikanı gördünüzmü? Ümumilikdə daşınan sərnişinlərin yalnız 5,9%-i taksidən istifadə edir.
Keçək digər rəsmi rəqəmə: BNA İdarə Heyətinin sədri Vüsal Kərimli 2022-ci ildə “həyata keçirilmiş tədbirlər nəticəsində” ictimai nəqliyyata etimadın artdığını, daşımaların həcminin 13% çoxaldığını bildirib.
Keçək metroya:
DSK-nın yaydığı məlumata görə, 2023-cü ilin yanvar-fevral aylarında Bakıda metrodan istifadə edən sərnişinlərin sayı 15,1 faiz artıb, 33,8 milyon nəfər olub.
“Belə ki, 2023-cü ilin yanvar-fevral aylarında nəqliyyatçılar 271,7 milyon sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 87,1 faizi avtomobil nəqliyyatı, 12,4 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb”, – Statistika Komitəsi açıqlayıb.
Yəni ortada 2022-ci ilin və 2023-cü ilin iki ayının statistikası var – hər ikisində bildirilir ki, metro ilə də, ictimai nəqliyyatla da daşımaların sayı xeyli artıb.
İndi bizi kim aldadır – DSK, yoxsa Tahir Mirkişili?
Digər məsələ: DSK-nın bütün statistikalarında konkret göstərilir – sərnişin daşımalarının 87 faizindən çoxu avtomobil nəqliyyatının üzərinə düşür ki, bunun da cəmi 5,9 faizini taksilər təşkil edir.
Əgər ictimai nəqliyyatda nətəhərsə olubsa və qəfildən, mart-may ayları ərzində gəzlənilmədən 40% azalma baş veribsə – ki, bu, mümkün olan şey deyil – belə çıxır ki, ictimai nəqliyyatda daşınan sərnişinlərin sayı taksi ilə daşınanlardan azdır.
Bunu Tahir Mirkişili deyir, Aqil Abbas da inanır!
Yaxşı: əgər ictimai nəqliyyatda daşımaların sayı 40% azalıbsa, bəs, niyə boş avtobus görmürük? Boş metro vaqonlarına həsrətik? Niyə bütün ictimai nəqliyyat basabasdır?
Digər “təkzibedilməz sübutlara” keçək:
Tahir Mirkişili deyir ki, o boyda – 15 milyon əhalisi olan İstanbulda taksi sayı üçün kvota var, bu il 17 325 ədəd müəyyən edilib, 2,4 milyon əhalisi olan Bakıda da 28 min taksi var. Yəni İstanbulda 865 nəfərə, Bakıda isə 85 nəfərə 1 taksi düşür.
Əvvəla, Bakıda 2,4 milyon əhali olduğunu demək, çox yox, bir az ədalətsizdir. Bakıda əhali sayı 4 milyonu çoxdan keçib – qonaqsız, turistsiz… İstanbulda da 15 deyil, 16 milyon əhali var.
İkincisi, İstanbulda taksi sayını deyən şəxs gərəkdir ki, bu şəhərdəki ictamai nəqliyyatın – metro stansiyalarının, metro qatarlarının vaqonlarının, minibusların, dolmuşların, tramvayların, trolleybusların, avtobusların sayını da deyəydi. Ki, adamda normal təsəvvür yaranaydı.
İstanbulda ictimai nəqliyyatın sayı: 6470 ictimai nəqliyyat vasitəsi var, 15 min dayanacaq, 800 xətt var.
Bakıda: 178 xətt var (bu xəttin neçəsi Bakıdadır, yazılmayıb), 2035 (Bakı daxilində 1022 avtobus) ictimai nəqliyyat.
Ancaq Bakıda bu göstərilən yalnız rəqəmdir, ekspert Elməddin Muradlı hələ bir neçə ay əvvəl, görün, nə deyirdi:
“Təsəvvür edin ki, cənab Prezidentin sərəncamı ilə milyonlarla vəsait ayrılıb və ölkəyə 2015-ci ildən bu yana indi “Bakı Bus”da indi idarə olunan IVECO və BMC markalı 715 avtobus gətirilib. Bu yaxınlarda Hesablama Palatası üzə çıxardı ki, bu avtobusların 300-ü hazırda heç bir işə yaramır. Çünki Bakı Nəqliyyat Agentliyi həmin o 300 avtobusu söküb bərbad hala salıb və başqa avtobuslar üçün ehtiyat hissələri kimi istifadə edib. Yəni bu birbaşa xəyanətdir, cinayətdir, bunun da cavabı verilməlidir. Biz ictimai nəqliyyatın inkişafına çalışarkən Bakı Nəqliyyat Agentliyi həmin o 300 avtobusu niyə bərbad vəziyyətə salıb? İndi “Bakı Bus” Azərbaycan İnvestisiya Holdinqinin tərkibinə keçib və orada yenə də avtobusların bir hissəsi BNA-nın əlində qalıb, bir hissəsi isə “Bakı Bus”a verilib.
BNA zamanla demək olar ki, əksər marşurutları digər daşıyıcı şirkətlərin əlindən alıb tender elan etdi və elə şərtlər qoydu ki, bütün tenderlərin hamısında özü qalib gəldi. Bu gün dediyimiz 715 avtobusun 300-ü istismara yararsızdır, qalan 415-nin də ən azı 100-ü, 110-u gündəlik xəttə çıxmır. Yəni “Bakı Bus” bu avtobusları xəttə buraxmır. Hətta məndə olan məlumata görə, “Bakı Bus”un hazırda 415 avtobusu olduğu halda şənbə-bazar günləri 280-290 avtobusu xəttə buraxır. Adi günlərdə isə 300, 310 arası avtobus buraxılır, yenə 100 avtobusu “yeyirlər”, xəttə buraxmırlar. Eyni proses digər daşıyıcı şirkətlərdə də gedir”.
Bunu da müqayisə edin də İstanbulla: görün nə qədər avtobus var, neçəsi xəttə çıxır, neçəsi ömrünü başa vurub, neçəsinin qazancı hara gedir…
Əgər bütövlükdə gün ərzində sərnişinlərin daşınmasında taksilərin payı 5,9 faizdirsə, guya bu faiz azalsa, ictimai nəqliyyatın “itirdiyi” 40 faiz yerinə gələcək?
Gedin, axtarın görün ictimai nəqliyyatdan istifadə niyə azalıb və ümumiyyətlə, azalıbmı?
Axı, 2023-cü ilin martına qədər ictimai nəqliyyatdan istifadə hər ay arta-arta gedirdi. İndi necə 40% azaldı, nə baş verdi, bu rəqəmlər hardan çıxdı?
Daha nə qədər avtobus sıradan çıxardılıb ki, daşımalar azalıb, ancaq avtobuslarda basabas artıb?..