Bizi çətin oyun gözləyir – “Neftçi”nin baş məşqçisi

Bizi çətin oyun gözləyir – “Neftçi”nin baş məşqçisi

Sabah bizim üçün çox vacib gündür. İlk rəsmi matçımıza çıxacağıq. Ağır hazırlıq dönəmi keçmişik. Ümid edirəm ki, sabah komandamız yaxşı oyun göstərəcək və növbəti mərhələyə doğru böyük addım atmış olacağıq.

AzerTimes xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Laurensio Regekampf Kiprdə “Aris”ə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunundan öncə mətbuat konfransında deyib.

Rumıniyalı mütəxəssis sabahkı qarşılaşma üçün startı heyətini əvvəldən açıqlamayacağını bildirib:

“Toplanışda çox şeyi sınaqdan keçirmişik. Ən yaxşı “11-liy”i seçməyə çalışırıq. Elə oynamalıyıq ki, rəqiblər bizimlə qarşılaşanda çətinlik çəksin. Komanda şəklində müdafiə olunmağı öyrənməliyik”.

47 yaşlı baş məşqçinin sözlərinə görə, keçmişdə baş verənlər önəmli deyil:

“Əsas bundan sonrakı hadisələrdir. “Aris” çox yaxşı heyətə malikdir. Keyfiyyətli legionerləri və səviyyəli məşqçiləri var. Aqressiv futbol oynayırlar. Uzun müddətdir birlikdə çıxış edirlər. Onlar üçün hər hansı problemi aradan qaldırmaq daha asandır. Bizi çətin oyun gözləyir. Sabah rəqibin yüksək pressinq etdiyini görəcəksiniz. Fiziki cəhətdən hazırlıqlıdırlar. Bu amildən ehtiyatlanmalıyıq. Evdə oynadıqlarından azarkeş amili də onların tərəfində olacaq. Bununla belə, komandama güvənirəm”.

Qeyd edək ki, iyulun 21-də “AEK Arena”da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

Teqlər: