Bizə nəyi təbliğ edirlər? – Millət kimi yox ola bilərik!

Bizə nəyi təbliğ edirlər? – Millət kimi yox ola bilərik!

Azərbaycanda boşanmaların sayı son illər 50 faizə yaxınlaşıb ki, bu da rekord sayıla bilər. Bu, artıq konkret şəkildə tam bir faciə, cəmiyyətin mənəvi cəhətdən çökməsi, ortalığın sahibsiz, yetim uşaqlarla doldurulması və ailə institutlarının dağılması deməkdır.

Bu sözləri AzerTimes-a Sağlam Cəmiyyət Hərəkatının rəhbəri Elçin Bayramlı ölkəmizdə boşanma və evlənənlərin sayı haqda son statistikaya münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, son illər cəmiyyətdə boşanma adi hal alıb:

“Nəinki boşanmalar artır, buna paralel olaraq evlənənlərin, uşaq doğumunun da sayı azalır. Bunlar isə aparılan mənəvi-psixoloji təbliğatın nəticəsidir. Gənclərə karyera, biznes kimi təbliğatlar aşılayaraq, onları gec evlənməyə vadar edirlər. Müasirlik adı altında televiziya, internet, seriallar təbliğatlar aparır və eləcə də bəzi psixoloq, sosioloqlar, məşhur müğənnilər ailə institutlarımıza qarşı göz-görə görə mənəvi terror aktı törədir. Bu, dəhşətli bir tendensiyadır. Bu prosesin qarşısı alınmasa, bir müddətdən sonra millət olaraq yoxa çıxacağıq”.

Ekspertin sözlərinə görə, bu məsələdə sosial-iqtisadi problemlərin rolu daha çox qabardılır, lakin əsas problem mənəvi-psixolojidir:

“Düzdür, sosial-iqtisadi səbəblər də az rol oynamır. İndiki dövrdə gənclərin iş tapması, ev alması çox çətindir. Gəncləri evlənməkdən bu problemlər çəkindirir. Amma əsas səbəb bu deyil. Boşanmalar maddi rifahı yüksək olan ölkələrdə daha çoxdur, nəinki yoxsul ölkələrdə. Azərbaycanın ağır sosial-iqtisadi dövrlərində boşanmalar minimum səviyyədə idi. Yəni sosial səbəbləri şişirdib, problemi bu istiqamətə yönləndirmək lazım deyil. Bizdə boşanma və evlənmələrdə, uşaq sayının azalmasında sosial-iqtisadi problemlərin payı 20, mənəvi-psixoloji vəziyyətin payı 80 faizdir. Dünyada ən az boşanma Hindistandadır, heç bir faizə çatmır. Orada yaşayan insanların çoxu yoxsuldur. Hindistanda, görünür, mənəvi baza o qədər güclüdür ki, heç bir sosial problem ailənin dağılmasına gətirib çıxarmır. Azərbaycanda hamı milyonçu kimi yaşamaq istəyir. Belə bir şey dünyanın heç bir ölkəsində yoxdur”.

Qeyd edək ki, rəsmi statistikaya əsasən, 2024-cü ilin yanvar-avqust ayları ərzində 30.788 nikah və 14.248 boşanma halı qeydə alınıb. Beləliklə, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 5,0-dan 4,5-ə, boşanmaların sayı isə 2,2-dən 2,1-ə düşüb.

Teqlər: