Xəbər - Samir Əli – Trend:
Şuşa həbsxanasında o vaxt mənim Bakıda qonşum olan ermənini gördüm və o mənə amansız işgəncələr verməyə başladı.
AzerTimes-ın məlumatına görə, bunu bu gün Yasamal rayon Məhkəməsində azərbaycanlı əsirlərə işgəncə verən Lüdvik Mkrtçyan və Alyoşa Xosrovyanın məhkəmə prosesində zərərçəkmiş azərbaycanlı əsir Famil Əliyev deyib.
O bildirib ki, həmin erməni Əhmədli qəsəbəsində onunla uzun müddət qonşu olub: “Həmin erməni ilə bir məhlədə yaşamışıq. Həbsxanada o da azərbaycanlılara işgəncə verirdi. Şuşa türməsində mülki və hərbi əsirlər var idi. Amma fərq qoymurdular, hamımıza işgəncə verirdilər. Qadın əsirlərimiz də var idi, onlara da işgəncələr verirdilər. Lüdvik Mkrtçyan kamerada da, çöldə də bizə işgəncələr verirdi.
Mən əsirlikdən gələndə 57 kiloqram çəkim qalmışdı. Evdə məni atam-anam tanımadı. Başıma armaturla vururdular başım yarılırdı, erməni qadın həkim var idi, o gəlib adi paltar iynəsi ilə yaramı tikirdi. Ermənilər orda mənim dırnağımı çıxardılar.
Məni bir həftə “kars”da tualetdə saxladılar. Tualetin yerinə xlorlu su buraxmışdılar. Bir həftə orda xlorlu suyun içərisində yatmışam. Yalnız başımı unitazın üstünə qoyurdum ki, başım suda qalmasın, bədənim xlorda alırdı”.