Xəbər - Samir Əli – Trend:
Ermənilər bizə bir gündə 35 “Kamaz” mişar daşını sökdürüb daşıtdırıb.
AzerTimes-ın məlumatına görə, bunu bu gün Yasamal rayon Məhkəməsində azərbaycanlı əsirlərə işgəncə verən erməni hərbçiləri Lüdvik Mkrtçyan və Alyoşa Xosrovyanın işi üzrə məhkəmədə zərərçəkmiş Qərib Vəliyev deyib.
O bildirib ki, Qarabağda yaşayan və azərbaycanlı əsirlərə işgəncə verən ermənilər hamısı Azərbaycan dilində danışırdılar: ” Onlar Yerevanda uşaqlarına da Azərbaycan dili kursları keçirdilər. Bir gündə Ağdamdan 35 “Kamaz” mişar daşı sökdürüb daşıtdırıblar bizə”.
Digər zərərçəkmiş Kamil Babayev isə deyib ki, 1994-cü ildə hərbi xidmətdə olarkən çovuğuna düşüb və erməni hərbçiləri tərəfindən aldadılaraq əsir götürülüb:
“Fevral ayının 14-də dağda olarkən çovğun başladı, izi və digər əsgərləri itirdik. Düşdük aşağıda kəndə. Kənddə gizləndik, gördük ki, aşağıdan 3-4 nəfər gəlir. Həmin şəxslər bizi gördülər, dedilər ki, qorxmayın gəlin, Daşkəsən uşaqlarıyıq. Biz də çıxdıq qoşulduq bunlara. Bir az gedəndən sonra bizim yükümüzü və silahımızı aldılar ki, guya bizə kömək edirlər. Silahımızı verəndən sonra bizi arxadan vurdular özümüzdən getdik. Ayılanda gördük ki, əllərimiz bağlıdır. Bizi apardılar Kəlbəcərdə bir sıldırım yerə. Mənim ayağımı o biri əsir yoldaşımın ayağına bağladılar ki, qaça bilməyək. Kəlbəcərə çatanda erməni hərbçilər bizim üstümüzə hücum edib döyməyə başladılar. Bizi əsir götürənlər onların qarşısını kəsdi və bizi hərbi hissəyə gətirib bir dəmir qapılı yerə saldılar. Sonra məni Şuşa həbsxanasına gətirdilər. Mkrtçyan orada mənim titan dişlərimi kəlbətinlə dartıb çıxarmaq istədi, alınmadı, dişimi qırdı. Hər gecə ac-susuz 3-4 dəfə döyürdülər. Əsir düşəndən 3 ay sonra mənə çimməyə soyuq su verdilər. Məni döyüb burnumu sındırdılar. Mkrtçyan və Xosrovyanı mən Şuşa həbsxanasında tanımışam. Məni ikisi də təpik, yumruq və armaturla döyürdülər. Məni gətirirdilər Xankəndidə ev tikintisinə fəhləlik eləməyə. Bizi işlədib axşam aparırdılar həbsxanaya, çatan kimi Mkrtçyan və Xosrovyana təhvil verirdilər. Onlar da çatan kimi döyürdülər. Hələ də əsəb xəstəliyindən əziyyət çəkirəm.”