Biz tapşırığın öhdəsindən gəldik.
Bunu Trend-ə
Bakıda keçirilən bədii gimnastika üzrə FIG Dünya Kubokunun gümüş
mükafatçıları, qrup hərəkətləri üzrə Azərbaycan yığmasının üzvləri
bildiriblər.
Komandada Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva,
Zeynəb Qummatova, Yelizaveta Luzan və Daria Sorokina yer alıb.
“Bu, builki ilk yarışımız idi. Təbii ki, doğma Gimnastika
Arenasında çıxış etmək böyük məsuliyyətdir və ona görə də həyəcan
hiss olunurdu. Bununla belə, komandamız bu yarışlara həm fiziki,
həm də mənəvi cəhətdən hazırlaşmışdır və bu həyəcanı aradan qaldıra
bildik. Bu yarışlara hazırlaşmaqda bizə dəstək olan hər kəsə –
Azərbaycan Gimnastika Federasiyasına, məşqçilərimizə, tibb
işçilərinə minnətdarlığımızı bildirmək istəyirik. Onların dəstəyi
bizi ruhlandırır, güc verir. Çoxnövçülükdə qazanılan “gümüş” hər
birimizin qələbəsidir. Sabah finalda indikindən daha yaxşı çıxış
edib, daha yüksək nəticə göstərməyə çalışacağıq”, – deyə komanda
üzvü Zeynəb Hummətova bildirib.
Güllü Ağalarzadənin sözlərinə görə, komanda tapşırığın
öhdəsindən gəldi.
“İki təsnifat mərhələsinin nəticələrinə əsasən hesab edirəm ki,
biz tapşırığın öhdəsindən yaxşı gəldik. Bu ildən yeni qaydaların
qüvvəyə mindiyini və ilk yarışımız olduğunu nəzərə alsaq, hesab
edirəm ki, komanda layiqli nəticə göstərə bildi. Sabah finalda
proqramı təmiz yerinə yetirməyə çalışacağıq”, – o əlavə edib.
Dünya çempionatındakı rəqiblərindən danışan Azərbaycan
yığmasının üzvləri arxaya baxmadıqlarını, diqqətlərini öz
çıxışlarına yönəltdiklərini vurğulayıblar.
“Bu il bizim kompozisiyamız çox çətindi, medallara layiq proqram
qoymuşuq və çalışacağıq ki, yaxşı çıxış edək və bunu
qiymətləndirmək hakimlərin vəzifəsidir”, – gimnastlar
bildiriblər.
Qeyd edək ki, aprelin 22-dən 24-dək Bakıda Bədii Gimnastika üzrə
Dünya kuboku keçirilir.
Azərbaycanın gimnastika növləri üzrə bu il ev sahibliyi etdiyi
5-ci beynəlxalq yarışda 31 ölkədən 42-si fərdi və 84-ü qrup
komandasının (14 qrup) üzvü olmaqla 126 gimnast iştirak edir.
Yarışda ölkəmizi fərdi növdə Arzu Cəlilova və Zöhrə Ağamirova,
eləcə də Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva,
Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokinadan ibarət qrup
hərəkətləri üzrə komanda təmsil edir.
3 gün ərzində gimnastlar ayrı-ayrı alətlər və çoxnövçülük üzrə
mübarizə aparacaqlar.
Ənənəyə uyğun olaraq, bu kubokda da ən çox icra xalını yığmış
gimnast və qrup komandasına ənənəvi “AGF Trophy” Kuboku da təqdim
olunacaq.
Qeyd edək ki, bu, ölkəmizdə keçirilən bədii gimnastika üzrə 9-cu
Dünya kuboku yarışıdır. Xatırladaq ki, paytaxtımız 2005 və 2019-cu
illərdə bu növ üzrə dünya çempionatına və 8 Dünya kubokuna ev
sahibliyi edib.