HƏMAS-ın 7 oktyabrda Qəzza zolağından İsrail ərazisinə kütləvi raket zərbələri ilə hücumu və 1300-dən çox insanın qətlə yetirilməsi ilə başlayan müharibə sosial şəbəkələrin Azərbaycan seqmentində də “cəbhələşmə” yaradıb: bəziləri İsraili müdafiə edərək, HƏMAS və fələstinlilərə qarşı kəskin mövqe tutur, digərləri isə “məzlum və işğala məruz qalan” Fələstinin haqlarını müdafiə edir və İsraili kəskin qınayır. Bu qınaqlar bəzən etik çərçivələri aşır və “cəbhənin” əks tərəflərində duranlar bir-birini ağır sözlərlə təhqir etməkdən çəkinmirlər.
Maraqlıdır ki, müzakirə hətta Türkiyə sosial şəbəkələrinə, yutuberlərə və mediasına qədər uzanıb. Artıq türkiyəli sosial şəbəkə istifadəçiləri, blogerlər azərbaycanlılara – daha dəqiqi, İsraili müdafiə edənlərə qarşı “utanmazlar” səviyyəsində əsəbi reaksiyalar da verir – baxmayaraq ki, bu “haqqı” hardan aldıqlarını və hansı düşüncə ilə proseslərə yanaşdıqlarını özləri doğru-dürüst bilmirlər.
Yeri gəlmişkən, HƏMAS-ı müdafiə edənlər Türkiyə dövləti, xalqı və xüsusən Ərdoğanın mövqeyinin əsas götürülməli olduğunu da iddia edirlər.
Hadisənin mahiyyətində nə dayanır?
Ötən gün bu barədə İYİ Partiyasının başqanı, təpədən dırnağa türkçü, ideoloq və Azərbaycanı sevən Maral Akşənər də danışdı. O bildirdi ki, Fələstin hökuməti türklərə qarşı ermənilərin yanında olub; türklərə qarşı yunan Kiprini dəstəkləyib; uyğurlara qarşı Çini müdafiə edib və s.
Amma Maral xanımın demədikləri də var: Qarabağ savaşında Fələstin hakimiyyəti tam-tamına erməni işğalı, erməni zorakılığını dəstəkləyib, dəfələrlə bu barədə bəyanatlar verib; Fələstin hakimiyyəti erməniləri “məzlum xalq” sayıb; Fələstin hakimiyyəti – hərəkatın keçmiş başçısı Yasir Ərəfatın Qarabağın ermənilərə aid olduğu haqda siyasi mövqeyi, ermənilərlə qardaşlığı dillər əzbəridir.
Amma Fələstin hakimiyyəti bununla da qalmayıb: Fələstində yetişdirilən erməni və digər millətlərdən olan muzdlu terrorçuların Azərbaycanın Qarabağ bölgəsinə yerləşdirilməsində və azərbaycanlıların qətlinə şərait yaradılmasında həmasların, ərəfatların, cihadçıların birbaşa əli var.
Fələstin hakimiyyəti bu muzdlu erməni terrorçuları ilə illərdir əlaqədədir.
Yəni Fələstin hakimiyyəti nəinki Azərbaycanın haqq və hüquqlarını tanıyıb, ərazisinin işğal olunmasına qarşı çıxıb, ermənilərə “dur” deyib, hətta müsəlman azərbaycanlıların qətlə yetirilməsində iştirak edən xristian terrorçuların öz ərazisində yetişməsi və Qarabağa qətliamlar üçün göndərilməsində xüsusi rol oynayıb.
İndi müsəlman həmrəyliyi, islam birliyindən danışanlar nədənsə bu faktları görməzdən gəlirlər.
Bəs, İsrail nə edib? Hər zaman, bütün beynəlxalq platformalarda Azərbaycanın ədalətli mübarizəsinin yanında olub, ABŞ da daxil olmaqla, bir çox fövqəlölkədə lobbiçiliyimizi edib, diasporunu ixtiyarımıza verib… Azərbaycana qarşı silah satışının qadağan olunduğu ən çətin vaxtlarda ən müasir silahlarını satıb – bu həqiqətləri bilməyən yoxdur. Təsadüfi deyil ki, azərbaycanlılar 10 noyabr qələbəsini qutlayanda Türkiyə ilə bərabər, İsrail bayrağını da qaldırmışdılar.
Məsələyə bir az da dərindən yanaşaq:
Fələstində İranın birbaşa maliyyəsindən asılı olan terror şəbəkələri mövcuddur – HƏMAS-ı da, “İslami-Cihad”ı da bura daxildir. Fələstin faktiki olaraq, böyük ölçüdə İranın çox ciddi təsiri altındadır. İranın isə Qarabağa münasibəti, Ermənistanın yanında olması təkzibedilməz faktlardır.
Beləliklə, Fələstin hakimiyyətinin, Fələstindəki terror təşkilatlarının Azərbaycanın ədalətli mübarizəsinə qarşı Ermənistanın işğalçı siyasətini həm də “faktiki olaraq” dəstəkləməsinin alt qatı üzə çıxır. İran Azərbaycana qarşı siyasətində təsiri altında olan Fələstindən maksimum istifadə edib: terrorçuların hazırlanıb Qarabağa göndərilməsindən tutmuş Fələstin hakimiyyətinin erməniləri müdafiə etməsinə qədər.
Əmin ola bilərsiniz ki, əgər İran sərt və ədalətli, “islami” mövqe göstərsəydi, Fələstin hakimiyyəti bu qədər açıq şəkildə erməni terroruna dəstək verməyə cəsarət etməzdi.
Hazırda Qarabağdan çıxan bəzi erməni silahlılarının İranın özündə təlim mərkəzlərinə toplandığı və onların Azərbaycana qarşı hazırlandığı haqda da bilgilər var. Yəni İran artıq təkcə Fələstin üzərindən Azərbaycana qarşı çıxmır, maskası cırıldığı üçün özü hərəkətə keçib.
Bu baxımdan sualı yenə təkrarlayaq: Qarabağ savaşında müsəlman Azərbaycanı hədələyib, xristian Ermənistana dəstək verən “müsəlman” HƏMAS-mı, yoxsa bütün savaşımız boyu yanımızda olan İsrailmi?
İsrailin əlbəttə ki, öz maraqları var: İranın Azərbaycana qarşı tutduğu mövqedən məharətlə istifadə edib, bir müsəlman ölkəsinin könlünü ələ alıb – həm həqiqətin, haqqın yanında durub, həm də öz maraqlarına uyğun addım atıb: İranın Fələstindəki siyasətinə Azərbaycanı məhdudiyyətsiz dəstəkləməklə cavab verib və verir.
Bu siyasətin içində bizim maraqlarımız nə deyir?
Həqiqət odur ki, Fələstin torpaqları işğal edilib – 1947-ci ilə qədər heç İsrail dövləti yox idi.
Ancaq bir az geniş və ədalətli yanaşaq: doğrudanmı İsrail dövləti olmamalıdır? İsraillilərin o torpaqlarda min illərlə yaşadığı faktını kimsə görməzdən gələ bilərmi?
Qüds/Yerusəlimə doğrudanmı yəhudilərin haqqı çatmadığını düşünürük?
Əlbəttə, bu müqəddəs şəhərə müsəlmanların da haqqı çatır. Amma…
İsrail Ermənistan kimi qondarma dövlət deyil – ermənilər bu ərazilərə gəlmədir, erməni adının özünü belə türk tayfasından götürüb mənimsəyiblər və “ərmənlərin” indiki ermənilərə – haylara heç bir etnik aidiyyəti yoxdur. Haylar Alban kilsələrini mənimsəyib, “ən qədim xristian xalqı” adı ilə alver etdikləri kimi, “ərmən” adını da mənimsəyib, ərmənlərə aid bütün tarixi öz adlarına çıxıblar.
Bunları yəhudilər haqda demək mümkündürmü? Müsəlmanlar Qurana inanırsa, onda Musa peyğəmbərin yəhudiləri hara və necə köçürdüyünü və bunun hansı minillikdə olduğunu mütləq təsdiqləməlidirlər.
Qaraçı tayfası haylarla ərəb irqinin doğmaca əmisi oğlu yəhudiləri eyni tərəziyə qoymaq nə dərəcədə ədalətlidir?
Demək, yəhudilərin də o torpaqlara haqqı olduğunu qəbul edib, gələk son proseslərə:
Diqqət edirsinizsə, Ermənistan terroruna dəstək verən Fələstindən danışarkən, onun arxasında olan İran dövləti və “Fələstin hakimiyyəti”, eyni zamanda Fələstindəki terror qruplaşmalarından bəhs etdik – Fələstin xalqından deyil. Bu baxımdan fələstinliləri Fələstin hakimiyyətindən, HƏMAS-dan və digərlərindən ayırmaq lazımdır.
Fələstinlilərin qətli, soyqırıma məruz qoyulması qəbuledilməzdir, mütləq şəkildə dayandırılmalıdır, İsrail bu hüquqsuzluqdan geri durmalıdır.
Amma son terroru İsrail başlamayıb: 7 oktyabrda məhz HƏMAS Qəzza zolağından İsrailə hücum edib, həm də festivala, həm də evlərə – yüzlərlə günahsız insan, festivalda iştirak edən mülki şəxslər, o cümlədən xarici vətəndaşlar qətlə yetirilib.
Bu, müharibədir? Bu, qətliam deyil? Bu, müharibə cinayəti sayılmamalıdır?
O ayrı məsələ ki, İsrail adekvat davranır – mülki vətəndaşlarının qətlinə mülki fələstinliləri qətlə yetirməklə cavab verir.
Əlbəttə ki, İsraildə Türk Əxlaqı çatışmır: yada salın – 44 günlük savaşda ermənilər mülki şəhərlərimizi vurarkən, müharibə meydanından kənarda olan şəhərlərimizə gecə hücumu həyata keçirərkən, Azərbaycan yalnız hərbi hədəfləri məhv edirdi, yalnız döyüş meydanında buna cavab verirdi.
Bu, təkcə beynəlxalq hüquq, müharibə qanunlarına əməl etmək deyil, Türk Əxlaqıdır!
İsrail isə müharibə qanunlarına əməl etmir, HƏMAS-ın davrandığı kimi davranır, mülki-hərbi demədən, bütün Qəzzanı yerlə yeksan edir.
Bu, HƏMAS-a adekvat cavabdır, ölən mülki vətəndaşlarının öcünü almaqdır, ancaq adil deyil, müharibə cinayətidir.
Türkiyə lideri Ərdoğanın İsrail-HƏMAS savaşına münasibəti indi Türkiyədə siyasi çevrələrdə ciddi təftiş edilir. Çünki Ərdoğan qəti şəkildə Fələstinin yanında olduğunu demədi, İsraili hədələmədi; halbuki Ərdoğan hakimiyyətinin bütün dövrlərində, hətta BMT tribunasından hər zaman Fələstini müdafiə edib, İsraili işğalçı adlandırıb.
İndi isə hər iki tərəfdən sivillərin öldürülməsinə qarşı çıxıb, İsrailə yalnız “örgüt kimi” – yəni HƏMAS kimi davranmamaq çağırışı etdi.
Çünki Ərdoğan Yaxın Şərqdə hansı proseslərin baş verdiyini, HƏMAS-ın qətliamı niyə törətdiyini, İsrailin cavab haqqı olduğunu bilir, anlayır!
Türkiyə lideri 1967-ci il sərhədləri daxilində – yəni BMT qərarına uyğun ikidövlətli həllin tərəfindədir: nə İranın Yaxın Şərqi cəhənnəmə çevirən pərdəarxası oyununu dəstəkləyir, nə də Qərbin Fələstin muxtariyyətini İsrailin nəzarətində “dövlətciyə” çevrilməsindən yanadır.
HƏMAS faktiki olaraq 7 oktyabrdakı dəhşətli cinayəti ilə Ərdoğanın uca səslə danışmaq və İsraili işğalçı adlandırmaq fürsətini əlindən alıb.
Azərbaycanlılar da bu mövqedən çıxış edə bilər: biz mülkilərin qətliamına qarşıyıq, israillilərin və fələstinlilərin ölümünü qınayırıq, hər iki tərəfin mülki şəxslərə qarşı amansızlığından narahatıq, İsrailin cavab haqqını tanıyırıq, ancaq aşırı zorakılığından dəhşətə gəlirik, HƏMAS-ın müharibə başladan hücumunu kəskin psiləyir, mülkiləri qətlə yetirməsini, dinc insanları girov götürməsini lənətləyirik.
Həm də HƏMAS-ın arxasındakıları, bu təşkilatları terrora ruhlandıranların əməllərini pisləyirik!
İsrail dövlətinə tam dəstək verə bilmək üçün sivillərin ölməməsi lazım idi – təəssüf ki, İsrail bu sərhədi keçdi.
Ancaq HƏMAS-a, Fəlsətin hakimiyyətinə heç bir dəstəkdən söhbət gedə bilməz. Bu terrorçular və terrorun yanında olanlar, erməni işğalına, yunan zorakılığına, uyğurların qətlinə dəstək verənləri niyə müdafiə etməliyik ki?