Biz İsrail investorlarının Azərbaycana real marağını görürük və bunu təşviq edəcəyik – Aviqdor Liberman (MÜSAHİBƏ) (VİDEO)

Biz İsrail investorlarının Azərbaycana real marağını görürük və
bunu təşviq edəcəyik.

Bunu Trend
özəl müsahibəsində Azərbaycanda səfərdə olan İsrailin maliyyə
naziri Aviqdor Liberman deyib.

Nazir bildirib ki, onun səfəri İsraillə Azərbaycan arasında
diplomatik münasibətlərin qurulmasının 30 illiyinə təsadüf
edib.

“30 ilə az iş görülməyib. 1997-ci ildə Heydər Əliyevlə görüşü
xatırlayıram. Deməliyəm ki, bu günədək onun uzaqgörənliyi və
müdrikliyinə heyrətlənirəm. O, sanki bu münasibətləri əvvəlcədən
proqnozlaşdıra bilirdi. Heydər Əliyev ikitərəfli münasibətlərin
potensialı və qarşılıqlı səmərəsini dəqiq qeyd edən ilk şəxs olub.
O zaman bu xəritə cızıldı və mən şadam ki, Prezident İlham Əliyev
bu münasibətlərə yeni təkan verərək bu prinsipial kursu davam
etdirir. Bu gün bizim ikitərəfli münasibətlərimiz çox dinamik
inkişaf edir. Üç həftə əvvəl turizm naziri Azərbaycana gəlmişdi,
iki həftə sonra kənd təsərrüfatı naziri və ümid edirəm ki, bir
aydan sonra İsrail prezidenti səfər edəcək. İsraildə Azərbaycanın
ticarət və turizm nümayəndəliyi açılıb”, – A.Liberman deyib.

Onun sözlərinə görə, iki ölkə arasında enerji daşıyıcıları
sahəsində sıx əməkdaşlıq qurulub və energetika, kənd təsərrüfatı
sahələrində birgə layihələrin reallaşdırılması imkanı nəzərdən
keçirilir.

“Əməkdaşlığımız şübhəsiz ki, həm iqtisadiyyatın, həm də
dövlətlər arasında insani və diplomatik əlaqələrin inkişafına
xidmət edir. Hansısa nəticəyə gəlmək hələ ki, tezdir, biz müəyyən
addımları yeni-yeni müəyyənləşdirmişik. Mən öz həmkarım, maliyyə
naziri ilə, həmçinin, iqtisadiyyat naziri və bir sıra yüksək
vəzifəli şəxslərlə görüşmüşəm. Biz Maliyyə Nazirliyində
kibertəhlükəsizlik, maliyyə təşkilatlarının haker hücumlarından
qorunması və digər məsələlər barədə danışmışıq. Çox sayda məhsuldar
danışıqlar keçirdik və ümid edirəm ki, bunun nəticələrini
görəcəyik. Biz çox perspektivli inkişaf planları
müəyyənləşdirmişik, konkret nəticələr əldə olunandan sonra bu
barədə danışacağıq”, – deyə nazir bildirib.

A.Liberman qeyd edib ki, İsrail Asiya İnkişaf Bankına (AİB)
qoşulma sahəsində Azərbaycanın köməyini qiymətləndirir.

AİB çərçivəsində əməkdaşlıq perspektivlərinə gəldikdə isə nazir
bildirib ki, ilk növbədə, birgə layihələrin maliyyələşdirilməsi
üçün imkanlar mövcuddur.

“Biz İsrail biznes ictimaiyyətinin Azərbaycana investisiyalara
real marağını görürük və bunu təşviq edəcəyik. Lazım gələrsə,
dövlət təminatı, kreditlər verəcəyik. Biz, ilk növbədə, İsrail
biznesinin Azərbaycana daxil olmasında maraqlıyıq və istənilən bu
cür təşəbbüsü tam dəstəkləyirik, bunun üçün imkanlar mövcuddur.
İsrailli investorlar üçün Azərbaycan iqtisadiyyatında ən cəlbedici
sahələr su təsərrüfatı, kənd təsərrüfatı məhsullarının emalı və bir
çox digər sahələrdir. Şübhəsiz ki, turizm də perspektivli
əməkdaşlıq sahəsidir. İsrailli turistlərin Azərbaycana axını
yenidən başlayıb. Ümid edirəm ki, bu üç sahə – kənd təsərrüfatı, su
təsərrüfatı və turizm həqiqətən işləyəcək”, – nazir deyib.

İsrail şirkətlərinin Azərbaycanın azad edilmiş ərazilərində
layihələrdə fəal iştirakını vurğulayan nazir bildirib ki, Qarabağ
ilk növbədə kənd təsərrüfatı, südçülük təsərrüfatının inkişafı və
bir sıra digər sahələr baxımından perspektivli bölgədir.

“Biz, əlbəttə ki, fəal iştirak edəcəyik və mənə elə gəlir ki,
hazırkı mərhələdə əsas sahələr kənd təsərrüfatı, su təsərrüfatıdır.
Ümid edirəm ki, kənd təsərrüfatı nazirinin səfəri zamanı konkret
sənədlər imzalanacaq, konkret planlar müəyyənləşdiriləcək”, –
A.Liberman deyib.

Cənubi Qafqazda möhkəm sülh perspektivlərinə gəldikdə, nazir
Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması
yolunda əldə olunan irəliləyişi xüsusi qeyd edib.

“Həmişə müharibə etməkdənsə, danışmaq daha yaxşıdır. Bu, daha
perspektivlidir və bütün dövlətlərin xeyrinədir. Biz bu
razılaşmaları, bu irəliləyişi alqışlayırıq, ümid edirik ki, sülh
müqaviləsi imzalanacaq və bu, təkcə Azərbaycanla Ermənistanın
deyil, bütün regionun xeyrinə olacaq. Biz bunda bütün dünya
ictimaiyyəti üçün müəyyən müsbət siqnallar görürük ki, razılığa
gəlmək, siyasi həll yollar tapmaq və ən əsası müharibə və
münaqişələrin deyil, iqtisadiyyatın inkişafına töhfə vermək olar.
Bu, indiki qeyri-stabil dünyada çox müsbət siqnaldır. Biz görürük
ki, Rusiya və Ukrayna sərhədində, Yaxın Şərqdə, Əfqanıstanda nələr
baş verir”, – nazir bildirib.

Twitter: @Lyaman_Zeyn

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: