Azərbaycan 44 günlük Vətən Müharibəsində qələbə çaldıqdan, erməni faşist və terrorçularını öz ərazisindən çıxardıqdan sonra regionda uzunmüddətli sülhə nail olmaq üçün müxtəlif təkliflərlə çıxış etdi. Burada əsas təkliflərdən biri kommunikasiya xətlərinin bərpa olunmasıdır. Eyni zamanda, 3+3 formatında altılıq platformasının reallaşması və region dövlətlərinin birgə fəaliyyəti bu təşəbbüslərdə öz əksini tapıb. 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli bəyanatda birbaşa göstərilir ki, bütün qaçqınlar öz torpaqlarına, öz dədə-baba yurdlarına qayıtmalıdırlar.
Bunu AzerTimes-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
Deputat bildirib ki, Azərbaycanlılar uzun illər dədə-baba yurdları olan Qərbi Zəngəzurda, Göyçə mahalında, Vedibasarda, ümumiyyətlə, hazırda Ermənistanın qurulduğu, mövcud olduğu ərazilərdə yaşamışdılar:
“1905-ci ildən başlayaraq soydaşlarımıza qarşı həmin ərazilərdə deportasiya həyata keçirilib. Onlar öz dədə-baba yurdlarından didərgin salınıblar. Bu proses 1988-ci ildə yekunlaşmışdı. 1988-ci ildə sonuncu dəfə azərbaycanlılar öz dədə-baba yurdlarından didərgin düşüblər. Bir sözlə, əgər regionda uzunmüddətli sülhə nail ola bilsək, bu ərazidə yaşamış Azərbaycan vətəndaşları öz vətəndaşlarına qayıda bilərlər. Bu? onların təbii haqqlarıdır. Üçtərəfli bəyanatda da bu öz əksini tapıb. Bu baxımdan da biz inanırıq ki, möhtərəm cənab Prezidentimizin də dediyi kimi? yaxın gələcəkdə bu reallaşacaq. Hazırda biz Şərqi Zəngəzur və Qarabağ torpaqlarını işğaldan azad etmişik. Keçmiş məcburi köçkünlərin öz dədə-baba yurdlarına qayıdışının şahidi olacağıq. Onların orada yaşaması üçün dövlət tərəfindən hər cür şərait yaradılır. Bundan sonrakı prosesdə isə kommunikasiya sərhədlərinin açılması, Zəngəzur dəhlizinin işə düşməsi, Ermənistanla Azərbaycan arasında sülh anlaşmasının imzalanması, sərhədlərin qarşılıqlı olaraq tanınması, ərazi bütövlüyünün qəbul edilməsi prosesləri yekunlaşdıqdan sonra qaçqınların da öz dədə-baba yurdlarına qayıdış hüquqlarının bərpa olanacaq”.
Deputat bildirib ki, o zaman da həmin insanlar könüllülük prinsipi əsasında öz dədə-baba yurdlarına qayıda biləcəklər:
“Ən azından turist olaraq biz öz yurdlarımızı, öz evlərimizi ziyarət edə biləcəyik, oralara rahatlıqla gedib-gələcəyik. Bir sözlə, bu deyilənlər reallaşa bilər və reallaşmalıdır. Ancaq bu prosesə qədər bizim üzərimizə düşən ən böyük missiya məhz həmin tarixi ərazilərdəki yer adlarının qorunub saxlanması və gələcək nəsillərə ötürülməsidir. Bunun üçün biz ermənilərin toponimlərimizə qarşı unutdurma siyasətinə əks reaksiya göstərməliyik. Bütün səylərimizi artırmalıyıq. Həmin toponim və hidronimləri unutdurmağa qoymamalıyıq. Çalışmalıyıq ki, bu qədim yer adları öz adları ilə çağrılsın. Bununla bağlı hər birimiz səfərbər olmalıyıq. İstənilən halda qalib ölkədir, diqtə edən tərəfdir. Azərbaycan prosesləri səbrlə izləyir. Ümid edirik ki, ermənilər haqq-ədalətin nə olduğunu anlayacaqlar. Proseslərə real yanaşacaq və haqq yoluna gələcəklər və Azərbaycanla münasibətlərini yaxşılaşdıracaqlar”.