Biz Ağdamda Qalib xalq kimi qürurla əbədi yaşayıb-yaradacağıq – Komitə sədri

Xəbər - Elçin Mehdiyev – AzerTimes:

Bu gün 27 il erməni işğalı altında qalan Ağdamın azad olunmasından bir il ötür. Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfər nəticəsində Ağdam da öz azadlığına qovuşdu, düşmən tapdağından qurtarıldı.

Milli Məclisin Ağdamdan olan deputatı, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev AzerTimes-ə bildirib ki, Ağdam şəhərinin tarixi çox qədimdir və onun yaranma tarixi hələ eramızdan əvvəllərə gedib çıxır:

“Arxeoloqların Ağdam ərazisindəki Üzərriktəpədə apardıqları tədqiqatlar nəticəsində tapılan maddi-mədəniyyət qalıqlarına əsaslanaraq qeyd edirlər ki, bura Qafqazda ilk şəhər tipli yaşayış məskəni və Zaqafqaziyada ən zəngin abidələri olan yerlərdən biri olub. Amma indiki Ağdam şəhəri bir şəhər kimi statusunu 19-cu əsrin əvvəllərində, təxminən 1828-ci ildə alıb.

Ermənistanın silahlı qüvvələri, xaricdən gətirdikləri terroristlər və muzdlular 1992-ci ildən başlayaraq Azərbaycan Respublikasına hücum edərək azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımları törətdilər. Ağdam uğrunda gedən şiddətli döyüşlər 1993-cü il 23 iyul tarixində Ağdam ərazisinin 73 faizinin işğalı ilə bitdi. Ərazisi 1094 kvadrat kilometr olan Ağdamın 882 kvadrat kilometri, rayon mərkəzi ilə birgə 90 kəndi işğal olunmuş, Ağdamın müdafiəsi uğrunda 5 ildən artıq gedən qanlı döyüşlərdə 5897 şəhid, 3531 nəfər əlil olmuş, 1871 nəfər yetim uşaq hər iki valideynini itirmişdir. 126 min nəfərdən artıq ağdamlı öz doğma ev-eşiyindən didərgin düşərək 30 ilə yaxın Azərbaycanın 59 rayonunun 875 yaşayış məntəqəsində məcburi köçkün həyatı yaşamağa məcbur olmuşdur”, – deyə deputat bildirib.

O qeyd edib ki, ümumilikdə Ağdamın inzibati ərazisinə hal-hazırda Ağdam şəhəri, 138 kənd və qəsəbə daxildir:

“Eyni zamanda işğala qədər Ağdamda dəzgah avadanlıqları zavodu, aeromosmik və rabitə cihazları zavodu, metis-furnitir və konserv zavodu, traktor və avtomobil təmiri zavodu, asfat zavodu, yağ zavodu, 16 şərab və 1 şampan zavodu, xalça fabriki, taxıl məhsulları kombinatı, tikinti materialları kombinatı, ət kombinatı və digər sənaye müəssisələri fəaliyyət göstərib. Eyni zamanda Ağdamda kənd təsərrüfatı müəssisələri, kənd təsərrüfatını mexanikləşdirmə və elektriklşdirmə stansiyaları fəaliyyət göstərib. Ağdamın özünün hava limanı, dəmir yol stansiyası var idi.

Ağdamın daha bir potensialı ondan ibarət idi ki, Ağdamın həm çoxlu memarlıq abidələri, həm də zəngin təbiəti var idi. Onun bir hissəsi dağlıq və meşəlik ərazidi və yeni gözəl turizm bazaları var idi. Ağdamda yaxşı muzeylər də var idi. Eyni zamanda Ağdamda qədim tarixi abidlər var idi, misal üçün Şah Bulaq qalası, Pənah xanın türbəsi, Xanoğlan türbəsi, Xurşidbanu Natavanın qəbirüstü abidəsi, 15-ci əsrə aid sərdabə və Hatəm Məlik qalası və digərləri. Bu qədər iqtisadi potensial, mədəni-tarixi abidələr erməni vandalları tərəfindən tamamailə məhv edilib”, – deyə B.Əliyev bildirib.

O qeyd edib ki, Ağdamın erməni-faşist birləşmələri və terroristləri tərəfindən işğalından sonra 1993-cü il 29 iyul tarixində BMT-nin Təhlükəsizlik Şurası 853 saylı qətnaməni qəbul etdi:

“Bu Qətnamədə “işğalçı qüvvələrin Ağdam rayonu və digər işğal edilmiş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması” tələb edilsə də Minsk Qrupunun həmsədrləri onun icrasını təmin etmədilər. Ermənistan havadarlarının, o cümlədən Minsk Qrupunun yarıtmaz fəaliyyətindən və dəstəyindən yararlanaraq daha da azğınlaşdı, quduzlaşdı. Azərbaycan Respublikasının on min kvadrat kilometr ərazisini, 1000 yaxın şəhər, qəsəbə və kəndini məhz danışıqların aparıldığı dövrdə yer üzündən silən erməni faşistlərinə dayan demək əvəzinə, onları isti qoyunlarına alan Minsk Qrupu həmsədrləri hansı mənəvi haqla Azərbaycana gəlmək istəkləri qətiyyən başa düşülən deyil.

Bəlkə də azərbaycanlı uşaqları, qadınları, qocaları diri-diri yandıran, doğrayan, hamilə qadınların qarnını süngü ilə yarıb körpələri tonqala atan Kocaryan, Sarkisyan, Ohanyan daha nə qədər cinayətkarlarla 30 ilə yaxın dostluq etmələri onlara da gerçəkliyi görməyə mane olur. Bəlkə də onlarla kəsdikləri azərbaycanlı uşaqların qanı ilə suvarılmış torpaqlarda əkilib-biçilən buğdadan bişirilmiş ləzzətlə yedikləri çörəkdən, içdikləri şərabdan keçə bilmirlər… Onlarla bağlı bəlkələrin sayı-hesabı yoxdur. Amma vicdanlarının bəlkə də nə vaxtsa dilə gələcəyinə və Azərbaycan xalqından üzr istəyəcəklərinə xalqımız artıq inanmır”, – deyə B.Əliyev qeyd edib.

O bildirib ki, Münaqişəni Azərbaycan həll etdi, işğalçını darmadağın etdi və heç cürət edib onu yenidən dirçəltməyə cəhd etməsin:

“Bu onların ən böyük tarixi səfləri olardı. Avropada bahalı otellər də çoxdur, orada xidmət göstərən erməni diasporu da. Minsk Qrupu istəsə yolunu ancaq o yerlərə sala bilər”, – deyə deputat qeyd edib.

B.Əliyev vurğulayıb ki, BMT TŞ-nin dörd qətnaməsini Müzəffər Ali Baş Komandan qəhrəman əsgər və zabitləri birlikdə torpaqlarımızı erməni-faşist işğalçılarından azad etməklə yerinə yetirdi:

“Düşmənin başını döyüş meydanında mərdliklə döyüşərək əzdilər və Ağdam, Laçın, Kəlbəcərdən isə düşməni bir güllə atmadan iti qovan kimi qovudular.

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev 23 noyabr 2020-ci ildə işğaldan azad edilmiş Ağdam şəhərinə səfər etdi. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam cümə məscidinə Məkkədən gətirdikləri “Qurani-Kərimi”lə daxil oldular ki, müqəddəs torpaqlarımız sülhə, firavanlığa qovuşsun.

Prezident İlham Əliyev Ağdam şəhərində Azərbaycan bayrağını ucaltdı. Prezident İlham Əliyev Ağdamdan Azərbaycan xalqına müraciət edərək dedi: Onlar (ermənilər) hesab edirdilər ki, işğal etdikləri torpaqlarımızda əbədi oturacaqlar. İşğal altında olan bütün əraziləri erməniləşdirmək istəyirdilər və buna görə də bütün şəhər və kəndlərimizi, abidələrimizi, qəbirstanlıqlarımızı vəhşicəinə, qəddarcasına dağıdıblar. Bu “yerləri onlar 1990-cı illərdə dağıdıblar ki, əgər sülh müqaviləsi imzalansa, Azərbaycan xalqı gəlib burada yaşaya bilməsin. Hər tərəf minalanıb. Ən çox minalar məhz buradadır. Amma səhv etdilər. Biz bütün bu illər ərzində bir amalla, bir arzu ilə yaşamışıq ki, bu torpaqlara qayıdaq və qayıtmışıq. Ermənistan ordusunu məhv etmişik”.

Prezident İlham Əliyev qətiyyətlə bildirdi ki, “biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın. Bu, böyük iş olacaqdır”, – B.Əliyev xatırladıb.

O qeyd edib ki, Prezident İlham Əliyev 2021-ci mayın 28-də Ağdam şəhərinə yenidən səfər etdi və bu səfər zamanı Ağdam şəhərinin Baş Planını və bütövlükdə Ağdam rayonunun inkişaf planını təsdiq etdi:

“Səfər çərçivəsində Prezident İlham Əliyev Ağdam sənaye parkının təməlini qoydu. Sənaye Parkı qida sənayesi, kiçik sənaye və xidmət, iri sənaye müəssisələri, sosial və texniki zonalar, TIR parkı, tikinti materiallarının satışı bazası hissələrinə bölünəcək. Burada tikinti materiallarının istehsalı müəssisələrinin yaradılması, kənd təsərrüfatı məhsullarının qablaşdırılmasının, meyvə-tərəvəz konservlərinin, ət və süd məhsullarının, şərab, yem, gübrə istehsalı və emalının, eyni zamanda, xidmət sahələrinin, soyuducu kameraların təşkili də planlaşdırılır.

Ağdamda yaradılacaq sənaye mərkəzində ilkin müraciətlər əsasında 33 kiçik istehsal və xidmət müəssisəsi, iri sənaye və qida sənayesi müəssisələri fəaliyyət göstərəcək. Buraya 110 milyon manata yaxın sərmayə qoyulacaq, 330 iş yeri açılacaq. Ağdamın strateji coğrafi mövqeyi, digər bölgələrlə qovuşuqda yerləşməsi, insan resursları potensialı və infrastruktura çıxış imkanları rayonun gələcəkdə Qarabağın sənaye mərkəzinə çevrilməsi imkanlarını genişləndirir.

Səfər çərçivəsində dövlət başçısı Bərdə-Ağdam avtomobil yolunun, 125 hektarlıq Ağdam şəhər meşə-parkında ağacların əkilməsi, Ağdam şəhərində inşa olunacaq ilk yaşayış binasının, Zəfər muzeyinin və açıq hava altında İşğal muzeyinin, 140 illik tarixi olan Ağdam şəhər 1 saylı məktəbin yeni binasının təməlqoyma və Ağdam şəhərinin bərpasının təməl daşının qoyulması mərasimlərində iştirak etdi.

Bu gün Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin müdrik rəhbərliyi Qarabağ, o cümlədən Ağdam yenidən qurulur. Ən müasir texnologiyaların tətbiqi ilə yeni möhtəşəm Ağdam tikilir. Əminik ki, tezliklə 10 minlərlə insan doğma Ağdama qayıdacaq, quruculuq işləri daha geniş vüsət alacaq, xoşbəxt, firavan həyat başlayacaq. Biz bu yerlərdə qürurla Qalib xalq kimi əbədi yaşayacağıq! Qarabağ Azərbaycandır!”, – deyə B.Əliyev qeyd edib.

Teqlər: