Çox sərt, lakin olduqca sadə bir şeyi izah edim. Biz coğrafiyanı dəyişə bilmərik və bu vəziyyətdə ən azı Azərbaycan-Türkiyə ittifaqı ilə əhatə olunmuşuq, türklər İran və Gürcüstanın bizimlə həmsərhəd hissələrində yaşayırlar və bu mənada coğrafiya çox tez dəyişə bilər.
AzerTimes xəbər verir ki, bunu erməni politoloq Argişti Kiviryan Feysbuk səhifəsində yazıb.
“İndi bu vəziyyətdə biz ya onlardan güclü olmalıyıq və hər bir məntiqli insanın başa düşdüyü kimi, bu, yaxın 50 ildə ən sürətli inkişaf şəraitində belə təmin oluna bilməz, ya da müstəqil dövlətimiz olmamalıdır. Yəni bizi öz ərazisi və vətəndaşları kimi qoruyacaq hansısa dövlətə qoşulmalı və ya hər cür siyasi bacarıq modelindən istifadə edərək bu iki böyük qonşu ilə münasibətləri tənzimləməyə çalışmalıyıq. Ermənilərin öz dövlətinə sahib olmaq hüququna malik olduğuna inandığım üçün sonuncu variant mənim üçün məqbuldur. Və bu halda mən həmin Nikolu bu ölkələrlə münasibətləri tənzimləməyə çalışdığına görə qınamıram, amma o bunu həvəskar kimi edir və danışıqlar masası arxasında Ermənistanın mövqeyini zəiflədir. Əks halda, hər bir düşünən insan başa düşür ki, əgər müstəqilliyini qoruyub saxlamaq istəyirsənsə, sənin başqa seçimin yoxdur. Sənin əvəzinə bu dövlətlərə qarşı vuruşacaq müttəfiqlər axtarmağı unut, onların heç biri bunu etməyəcək, sadəcə olaraq, bunu istisna et və erməni xalqının son 150 ildə yaşadığı o nağıllara inanma”, – o bildirib.