Biz 3 qardaşıq, Əliyevin gəlişi… – Pakistanlı ekspert

Biz 3 qardaşıq, Əliyevin gəlişi… – Pakistanlı ekspert

Pakistan və Azərbaycan bir-birinə çox yaxın olan və ən kritik anlarda çiyin-çiyinə hərəkət edən iki qardaş dövlətdir. İlham Əliyevin təyyarəsinin Pakistan qırıcıları ilə müşayiət olunması, Baş nazir Şahbaz Şərifin ali qonağı hava limanında şəxsən qarşılaması bu qardaşlığın, tarixi və mənəvi bağlılığın ən möhtəşəm göstəricisidir. Cənab Əliyev hansısa xarici ölkəyə yox, öz qardaş dövlətinə qonaq gəlib. Biz bunu belə dəyərləndiririk.

Bu sözləri AzerTimes-a açıqlamasında Azərbaycan və MDB, Çin və BRİKS ölkələri üzrə pakistanlı mütəxəssis Mahmud Həsən deyib.

“Sonuncu Qarabağ müharibəsi ölkələrimiz üçün növbəti sınaq idi və üç qardaş ölkə – Türkiyə, Azərbaycan və Pakistan bu sınaqdan qələbə ilə çıxdı. Əldə olunan qələbə ölkələrimiz arasında əlaqələri bütün sahələrdə yeni səviyyəyə qaldırdı. İndi isə dünyanın keçdiyi çalxantılı mərhələ qarşımıza yeni təhlükələr və risklər çıxarır. Bu mərhələni isə ancaq bir hərəkət etməklə keçmək mümkündür. Ona görə də səfər zamanı enerjidən tutmuş müdafiə sahəsinədək bir çox sahələrdəki məsələlərin gündəm mövzusu olacağını düşünürəm. Eyni zamanda bildiyimiz kimi, ŞƏT-in Astanada keçirilən Zirvə görüşündə Azərbaycan, Pakistan və Türkiyə prezidentləri arasında bəyannamə imzalandı. Yəqin bəyannamədən irəli gələn məsələlər də gündəmdə olacaq.

Bu yaxınlarda Azərbaycanın maliyyə naziri Samir Şərifov ölkəmizdə olub və ikitərəfli görüşlər zamanı Preferensial Ticarət Sazişinin və İkitərəfli Tranzit Ticarət Sazişinin ən qısa zamanda imzalanması ilə bağlı müzakirələr aparılıb. Eyni zamanda ölkələrimiz arasında gediş-gəliş qaydalarının asanlaşdırılması, asan viza siyasəti, mülki aviasiya sahəsində qarşılıqlı əməkdaşlıq, sosial-iqtisadi əlaqələrin və s. genişləndirilməsi, ikitərəfli sərmayə qoyuluşu barədə atılacaq addımlar müzakirə edilib. Azərbaycanın hazırda Pakistana 2-3 milyard dollar dəyərində sərmayə qoyulması ilə bağlı planları da var. Yəqin ki, səfər zamanı sadaladığımız sahələrdə indiyədək aparılan işlər sayəsində hazırlanan müqavilə və sazişlər imzalanacaq. Bunlarla yanaşı, ölkələrimiz Çinin “Bir kəmər, bir yol” layihəsinin reallaşmasında da maraqlıdırlar.

Əlbəttə ki, görüşlər zamanı beynəlxalq və regional təhlükəsizlik, sülh və sabitlik, ikitərəfli hərbi əməkdaşlıq, birgə təlimlər, 5-ci nəsil döyüş təyyarələri, raket sistemlərinin, PUA-ların, müşahidə mexanizmlərinin və yüngül silahların birgə istehsalı sahəsində müştərək müəssisələrin qurulması, müasir ordu quruculuğu məsələləri də müzakirə ediləcək. Əlaqələrin belə inkişaf etdirilməsi və qarşıya yeni hədəflərin qoyulması bizə gələcəkdə ehtiyac yarandığı halda tək ölkə kimi hərəkət etmək imkanı verəcək”, – deyə o bildirib.

Teqlər: