Birləşmiş Krallığın Beynəlxalq Ticarət Departamentinin İxracat üzrə naziri və Dövlət Katibinin Parlamentdəki nümayəndəsi Qraham Stuart, iki ölkənin mövcud ticarət və iqtisadi əlaqələrini gücləndirmək məqsədilə Azərbaycana üç günlük səfər gəlir.
Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən AzerTimes-a verilən məlumata görə, cümə axşamı, 20 may tarixindən etibarən başlayacaq səfərdə bərpa olunan enerji sektorundakı əməkdaşlıq imkanları müzakirə ediləcək və Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə və enerji keçidinə Birləşmiş Krallığın dəstəyi vurğulanacaq.
Nazir Stuart, yüksək vəzifəli rəsmilərlə görüşləri çərçivəsində cari ilin noyabr ayında Qlazqoda keçiriləcək COP26 İqlim Dəyişikliyi Konfransı ərəfəsində tullantıların azaldılması hədəfi sahəsində Azərbaycanın daha iddialı və “net zero” planını qəbul etmək üçün Birləşmiş Krallığa qoşulmağa təşviq edəcək.
Səfər çərçivəsində Böyük Britaniya naziri, həmçinin iqtisadiyyatı şaxələndirmək üçün Azərbaycanla gələcək əməkdaşlığı və bərpa olunan enerjiyə keçidi müzakirə etmək məqsədilə Enerji, İqtisadiyyat, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar və Ekologiya və Təbii Sərvətlər nazirləri ilə də görüşlər keçirəcək.
Nazir, həmçinin Birləşmiş Krallıq Hökuməti və Azərbaycan Respublikasının Hökuməti arasında fəaliyyət göstərən Birgə Hökumətlərarası Komissiyanın 4-cü iclasında və Azərbaycanda yeni yaradılmış Britaniya Ticarət və Sənaye Palatasının açılışında iştirak edəcək. Səfər Birləşmiş Krallıq və Azərbaycan Respublikası arasında ticarət əlaqələrini inkişaf etdirəcək, eyni zamanda bərpa olunan enerji, səhiyyə və İKT kimi qeyri-neft və qaz sektorlarında əməkdaşlığı gücləndirəcəkdir.
Səfərdən əvvəl Birləşmiş Krallığın Beynəlxalq Ticarət Departamentinin İxracat üzrə naziri və Dövlət Katibinin Parlamentdəki nümayəndəsi Qraham Stuart səfərlə bağlı fikirlərini paylaşıb:
“Uzun illərdir ki, Birləşmiş Krallıq ilə Azərbaycan ticarət və enerji sahəsində əməkdaşlıq edirlər. Xalqlarımız arasında güclü əlaqələr mövcuddur və hazırda ölkəmizin müstəqil ticarət tərəfdaşı olması bizi daha güclü edəcək.
“Ölkə rəsmiləri ilə görüşməyi və Azərbaycanı bərpa olunan enerjiyə keçid prosesinə göstərdiyimiz dəstək üçün qeyri-neft və qaz sahələrindəki əlaqələrimizi gücləndirməyimizə kömək edəcək Birləşmiş Krallıq Höküməti və Azərbaycan Respublikasının Höküməti arasında fəaliyyət göstərən Birgə Hökumətlərarası Komissiyasının iclasında iştirak etməyi səbirsizliklə gözləyirəm.”
Nazir Stuart, həmçinin Britaniyanın təcrübəsini paylaşaraq British Council-ın təhsil və mədəniyyət sahəsində həyata keçirdiyi uğurlu fəaliyyətini müzakirə etmək məqsədilə Təhsil Naziri ilə də görüşəcək. Bundan əlavə, Nazir Stuart, dövlət və ticarətin müxtəlif sektorlarını təmsil edən Böyük Britaniya universitetlərinin məzunları ilə də görüş keçirəcək.