Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid anası ilə səmimi dialoqu (FOTO)

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vətən
müharibəsində şəxsi igidliyinə və şücaətinə görə “Füzulinin azad
olunmasına görə”, “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə
təltif edilmiş şəhid Mahir Məmmədovun ailəsinin qonağı olublar.

Trend xəbər verir ki, görüşdə Mehriban Əliyeva ilə şəhidin anası
arasında səmimi dialoq olub.

Birinci xanım Mehriban Əliyeva: Oğlunuzun neçə
yaşı var?

Şəhid Mahirin anası Timziyə Məmmədova:
Bilirsiniz, oğlu sentyabrın 21-də doğulub, 27-si müharibə
başladı.

Birinci xanım Mehriban Əliyeva: Sentyabrda
doğulub…

Timziyə Məmmədova: Heç görə bilmədi, birinci
övladıdır, bir az gec evləndi.

Birinci xanım Mehriban Əliyeva: Allah saxlasın,
adı nədir?

Timziyə Məmmədova: Babasının adıdır, Səlim.
İndi şəhidlərimizin ruhu şaddır ki, bizim torpaqlarımız alınıb
Sizin sayənizdə.

Prezident İlham Əliyev: Ruhları həmişə şad
olacaq. Bizim hamımızın borcu idi və yenə də deyirəm, onun qanını
biz döyüş meydanında aldıq, haqq işimizi sonuna qədər apardıq və
Qələbəni təmin etdik. Mahirin balaca balası böyüyəndə, əlbəttə,
atası ilə ömür boyu həm fəxr edəcək, həm də əminəm ki, ömür boyu
Azərbaycan xalqı həmişə ona qayğı göstərəcək, hörmət edəcək, çünki
o, şəhidin övladıdır.

Timziyə Məmmədova: Özü də atası ilə qürur
duyacaq, düzdür.

Şəhidin qardaşı Habil Məmmədov: Tez-tez
məzarının üstünə aparıb gətiririk.

Birinci xanım Mehriban Əliyeva: Qələbə parkında
hər bir şəhidin adı yazılıb.

Prezident İlham Əliyev: Hər birinin, hər
birinin. Həm də Zəfər muzeyi yaradılacaq. Zəfər parkı Bakının ən
möhtəşəm yerlərinin birində, bəlkə də birincisində – Dənizkənarı
bulvarın önündədir. Orada böyük xatirə kompleksi inşa ediləcək.
İşlərə yaxın zamanlarda start veriləcək. Hər şəhidin adı orada həkk
olunacaq. Azad edilmiş bütün şəhərlərdə, hər bir şəhərdə Zəfər
muzeyi, İşğal muzeyi yaradılacaq. Yəni, bütün şəhidlərimizin adı
əbədi yaşayacaq. O sevinci onlar bizə bəxş etdilər.

Timziyə Məmmədova: Mahir özü də çox yaxşı oğul
olub. Öz işini də çox sevirdi, xəritəçəkən olub. İşini çox sevirdi.
Allah rəhmət eləsin bütün şəhidlərə.

Prezident İlham Əliyev: Allah rəhmət
eləsin.

Teqlər: