Biz azad olunmuş ərazilərdə yalnız müsəlmanlara deyil, bütün dinlərə məxsus mədəni irsi bərpa edəcəyik.
AzerTimes-ın məlumatına görə, bunu Birinci vitse-prezident Mehriban Əliyeva ICESCO-nun “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günü münasibətilə keçirdiyi tədbirdə videoformatda çıxışı zamanı deyib.
Birinci vitse-prezident Mehriban Əliyeva bildirib:
“Hörmətli tədbir iştirakçıları, qeyd edilənlərlə yanaşı, mən fürsətdən istifadə edərək, Ermənistanın işğal etdiyi ərazilərimizin 30 ildən sonra Azərbaycan tərəfindən azad olunması və tarixi ədalətin bərpası ilə nəticələnən ötən ilki 44 günlük Vətən müharibəsi zamanı dəyərli dəstəyinə görə ICESCO-ya, şəxsən onun Baş direktoru doktor Salim Al Malikiyə dərin minnətdarlığımı ifadə etmək istəyirəm. Bir ay bundan əvvəl Azərbaycan Prezidentinin dəvətinə əsasən Baş direktorun rəhbərliyi ilə ICESCO-nun nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur. Qonaqlarımız azad olunmuş bəzi ərazilərə səfər etmək imkanı əldə etmiş və onlarla məscidlərimizin təhqir olunması və yüzlərlə tarixi abidələrimizin dağıdılması daxil olmaqla, ümumi dağıntı və vandalizmin miqyasının şahidi olmuşlar.
Hazırda dövlət qarşısında azad olunmuş ərazilərin canlandırılması və azərbaycanlı məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz qayıdışının təmin edilməsi kimi nəhəng vəzifə dayanır. Biz bunun öhdəsindən gələcəyik. Biz dağıdılmış şəhərləri və kəndləri bərpa edəcəyik. Biz orada məktəblər tikəcəyik. Biz yalnız müsəlmanlara deyil, bütün dinlərə məxsus mədəni irsi bərpa edəcəyik. Biz işğal zamanı zərər görmüş mədəni irs abidələrinin vəziyyətinin qiymətləndirilməsində ICESCO-nun Azərbaycan hökuməti ilə birgə çalışmağa hazır olduğunu yüksək qiymətləndiririk. Eyni zamanda, ICESCO-nun Azərbaycanda regional nümayəndəlik təsis etməsi imkanının nəzərdən keçirilməsinə görə xüsusi minnətdarlığımızı bildiririk. Həmin nümayəndəlik digər sahələrlə yanaşı, qadınlar və qızların elmdə rolunun artırılmasına konkret diqqət yetirməklə elm sahəsində əməkdaşlığımızı gücləndirə bilər”.