Birinci vitse-prezident Mehriban Əliyeva bir ana kimi səsimi duydu – Arzu Nuriyeva (FOTO)

Heydər Əliyev Fondunun dəstəyi ilə son 6 ildə 200-dən çox eşitmə qüsurlu şəxs əməliyyat olunaraq bionik qulaqla təchiz edilib.

Trend xəbər verir ki, bir müddət öncə növbəti “Koxlear implantasiya” əməliyyatları başa çatıb.

Anadangəlmə və qazanılmış eşitmə qüsuru olan bu şəxslər əksəriyyəti uşaqlar olmaqla müxtəlif yaş kateqoriyalarındadır.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihə çərçivəsində ilkin olaraq eşitmə qüsuru olan şəxslərin pulsuz muayinələri təşkil edilir, daha sonra təyinatı olan şəxslər əməliyyata cəlb edilir.

Həkim-cərrah Tural Hüseynov qeyd edib ki, Heydər Əliyev Fondunun dəstəyi ilə bu layihə 2015-ci ildən həyata keçirilir: “Sonuncu layihədə 90-a yaxın eşitmə qüsurlu xəstələr əməliyyat olunub. Biz bionik qulağın daxili parçasını əməliyyatla daxili qulaqda ilbizə yerləşdiririk. Pasiyent sağaldıqdna sonra xarici parça da yerləşdirilir. Bu cihaz xaricdən gələn səs dalğalarını elektrik impulsuna çevirərək birbaşa siniri qıcıqlandırı və eşitmə qüsuru olan xəstələr artıq eşitməyə başlayır. Reabilitasiya kursu keçdikdən sonra isə danışa bilirlər”.

Loqoped Zülfiyyə Əhmədova bildirib ki, onlar “Koxlear implantasiya” əməliyyatından sonrakı reabilitasiya dövrünü həyata keçirirlər: “Məşğələlər vasitəsilə uşaqlarda eşitmə və danışmanı inkişaf etdiririk. Bu uşaqlar fizioloji yaşı həmyaşıdları ilə eyni olsa da, eşitmə yaş dövrü eşitməyə başladığı gündən hesablanır. Məsələn, 6 yaşlı pasiyentimiz Ömər üçün eşitmə yaşı 3 aydır. O hazırda 3 aylıq uşaq kimi eşidir. Çünki Ömər 3 ay öncə əməliyyat olunaraq implant qulaq taxılıb. Eşitmə qüsurlu uşaqların digər yaşıdları ilə eyni danışması üçün 4-5 il məşğələlər keçirilməlidir.

Burada əsas məqam əməliyyatın və məşğələlərin daha erkən başlamasıdır. Uşaq nə qədər erkən yaşda bu prosesə başlayarsa, inkişaf daha sürətli gedir. Məsələn, reabilitasiyaya 6 yaşda başladığımız uşaq var, o, bu vaxtadək dodaqdan oxumaya öyrəşdiyi üçün indi eşitməni aşılamaq çətindir”.

Z.Əhmədova qeyd edib ki, təxminən 5 il əvvəl əməliyyat olunan uşaqlar arasında hazırda dərslərində məktəb birinciləri də var: “Məktəbə gedir, yoldaşları ilə normal ünsiyyət qururlar. Hətta onların içində əlaçılar, sinif nümayəndəsi olanlar da var. Distant təhsildə də yaxşı nəticələri əldə edirlər”.

İmplant qulaq taxılan azyaşlı Hüseynin anası Arzu Nuriyeva bildirir ki, övladı 4 aylıq olarkən həkim müayinəsi zamanı onun eşitməsində çətinlik olduğunu biliblər: “Heydər Əliyev Fonduna müraciət etdik, çox sağolsun Mehriban xanım ki, bir ana kimi mənim səsimi duydu, altı ildən sonra tapdığım bir övladımın problemilə bağlı mənə çox dəstək oldu. Əməliyyatdan sonra faydaları görüb nə qədər sevinirəm. Sevindiyim qədər də əziyyəti keçən hər kəs üçün dua edirəm”.

Üçəm qızların anası Naibə Bağırova deyir ki, övladlarından yalnız birində eşitmə qüsuru var: “Damlanın iki yaşı olanda bunu bildik. Sonra Heydər Əliyev Fonduna müraciət etdik, çağırdılar müayinələrdən keçdik və əməliyyat olundu. Artıq bacılarının, mənim adımı deyir, iki sözlü cümlələr qura bilir. Çox təşəkkür edirik, minnətdarıq, inşallah daha gözəl nəticələr gözləyirik”.

Qeyd edək ki, koxlear implant mürəkkəb tibbi elektron qurğudur, anadangəlmə və qazanılmış eşitmə qüsuru olan şəxslərə tətbiq edilir. İlkin olaraq eşitmə qüsurlu şəxslər müayinədən keçirilir və onların koxlear implantasiya əməliyyatına uyğunluğu müəyyən edilir, bundan sonrakı mərhələdə isə cərrahi əməliyyat və reabilitasiya dövrü başlayır.

Əməliyyat zamanı daxili qulağa xüsusi elektrodları olan tibbi cihaz – koxlear implant yerləşdirilir. Qulağın xarici hissəsinə isə səslərin elektrik impulslara çevrilməsini təmin edən mikroprosessor və ötürücü qoşulur. Daxili qulağın ilbizindəki eşitmə sinirinin liflərinin elektrik impulslarla stimullaşdırılması baş beyin strukturlarına səsləri tanımağa imkan verir. Əməliyyatdan sonra pasiyentlərdə eşitmə qabiliyyəti yaranır, tam eşitmə və danışma qüsurlu şəxslər normal həyat tərzinə qayıda bilirlər.

Mütəxəssislər anadangəlmə eşitmə qüsurlu şəxslərdə əməliyyatın erkən yaşlarda aparılmasını daha səmərəli olduğunu qeyd edirlər.

Xatırladaq ki, Heydər Əliyev Fondu “Koxlear implantasiya” proqramını 2015-ci ildə həyata keçirib. Sonrakı dövrdə Fondun dəstəyi ilə koxlear implantasiya əməliyyatları davam etdirilib. Bu günədək Fondun proqramı çərçivəsində ölkə üzrə 200-dən çox şəxs koxlear implantasiya əməliyyatına cəlb olunub.

Teqlər: