Birinci sinfə hazırlıq prosesi ilə bağlı yeni məlumat

Birinci sinfə hazırlıq prosesi ilə bağlı yeni məlumat

Paytaxt məktəblərində birinci sinfə elektron qeydiyyat prosesinə hazırlıq çərçivəsində mikroərazilər üzrə ünvanların dəqiqləşdirilməsi ilə bağlı vətəndaş müraciətlərinin cavablandırılması martın 1-dək uzadılıb.

Bu barədə AzerTimes-a Bakı Şəhər üzrə Təhsil İdarəsindən məlumat verilib.

Qeyd edək ki, I sinfə elektron qeydiyyat prosesi ilə bağlı ilk dəfə olaraq bu ildən məktəblərin mikroərazi üzrə ünvanları ictimaiyyətə açıqlanıb. I sinfə elektron qeydiyyatla bağlı mikroərazilər müvafiq icra hakimiyyət orqanlarının təqdim etdikləri dislokasiyaya uyğun olaraq müəyyənləşdirilib.

Vətəndaşlar müvafiq linkə daxil olaraq daimi qeydiyyat ünvanının (yeni inşa olunmuş binalarda “Azərişıq” ASC-nin abonent kodu öz adına olan evlərin ünvanının) dislokasiyada olmasını dəqiqləşdirə bilirlər. Daimi qeydiyyat ünvanı (yeni inşa olunmuş binalarda “Azərişıq” ASC-nin abonent kodu öz adına olan evlərin ünvanı) dislokasiyada olmayan valideynlər 01 mart 2024-cü il tarixinədək 5, 6 və 7 saylı “ASAN xidmət” mərkəzlərinin təhsil xidmətləri bölməsinə yaxınlaşaraq müvafiq formanı doldurmaqla təklif və rəylərini verə bilərlər.

Onu da qeyd edək ki, “ASAN xidmət” mərkəzlərinə daimi qeydiyyat ünvanı dislokasiyada olmayan, daimi qeydiyyat ünvanı dislokasiyada yanlış qeyd olunan valideynlər, eləcə də dislokasiyada daimi qeydiyyat ünvanı və müvafiq məktəbi müəyyən olunduğu halda obyektiv səbəbləri əsas gətirərək başqa məktəb seçiminə üstünlük verən valideynlər müraciət edə bilərlər.

Əlavə sualı olan vətəndaşlara BŞTİ-nin Çağrı Mərkəzinə (146-1) zəng etmək və ya elektron poçtuna yazmaq tövsiyə olunur.

Bakı şəhərində 2024-2025-ci tədris ili üçün uşaqların birinci sinfə elektron qeydiyyatı prosesində ərazi prinsipi tətbiq olunan ümumi təhsil müəssisələrinin əhatə dairəsi genişləndiriləcək. Süni şagird sıxlığının qarşısını almaq üçün ərazi prinsipi tətbiq olunan məktəblərdə, ilk növbədə həmin təhsil müəssisələrinin mikroərazisində daimi qeydiyyatda olan vətəndaşlar övladlarını elektron sistem vasitəsilə qeydiyyatdan keçirə biləcəklər. Daimi qeydiyyat ünvanı olmayan valideynlərə şagird sıxlığı olmayan məktəbləri seçmək imkanı yaradılacaq.

Teqlər: