Birinci Qarabağ müharibəsi iştirakçılarına birdəfəlik ödəmə ilə bağlı dəqiq siyahı hazırlanır – Nazir

Xəbər - Elçin Mehdiyev – Trend:

1991-1997-ci illərdə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə
əlaqədar hərbi xidmətdə olarkən xəsarət nəticəsində əlilliyi
müəyyən edilmiş şəxslərə və onlardan vəfat edənlərin ailə üzvlərinə
birdəfəlik ödəmələrin verilməsi ilə bağlı hazırda Müdafiə Nazirliyi
və digər hərbi qurumlarla birgə həmin kontingentin dəqiq
siyahısının müəyyən edilməsi üzərində iş gedir.

AzerTimes-ın məlumatına görə, bunu jurnaılistlərə açıqlamasında əmək
və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bilirib ki, nəzərə alsaq ki, 90-cı illərin əvvəllərində
müvafiq uçot, elektronlaşma və digər sənədlər ya yox idi, ya da çox
məhdud sayda olub, ona görə də bu sahədə müəyyən çətinliklər
var.

“Çünki həmin sənədlər elektronlaşdırılmayıb. Həmin müddətdə
hərbi həkim komissiyaları tərəfindən verilən şəhadətnamələrin
elektron sistemə yığılması aparılır. Həmin siyahıda olan şəxslərin
sosial sığorta alan və almayanları müəyyən ediləcək. Almayan
şəxslərlə bağlı da müvafiq qərarlar verilərək, həmin ödənişlər
həyata keçiriləcək.

Ümid edirik ki, iyun ayına qədər elektronlaşmalar başa çatacaq.
Hazırda kifayət qədər eyni adlarda olan şəxslərə dair şəhadətnamə
var. Yaxud da şəxsiyyətlərinin müəyyənləşdirilməsində çətinlik
yaşanan şəhadətnamələr var.

Onların bəziləri ilk illərdə rus blanklarında hazırlanan
şəhadətnamələrdir. Bunların hamısının uyğunlaşdırılması və yekun
siyahının hazırlanması üzərində iş gedir”, – deyə S.Babayev
vurğulayıb.


Nazir qeyd edib ki, həmin şəxslərin hər hansı bir quruma
müraciət etməsinə ehtiyac yoxdur.

“Onlarla bağlı birbaşa qərar verilərək ödənişlər ediləcək.
Kimlərin ki, məlumatı tam və dolğun deyil, onlarla bağlı çağırış
ediləcək ki, qeydiyyatda olduqları rayonlar üzrə DOST mərkəzlərinə,
DSMF-nin qurumlarına aidiyatı sənədlərlə yaxınlaşaraq yoxlamalardan
keçərək ödənişlərini alsınlar.

Planlaşdırırıq ki, bu il ərzində təxminən 20 minə yaxın şəxsə
120 milyon manat məbləğində vəsait ödəniləcək. Həmin şəxslərin sayı
hələ yekun rəqəm deyil və siyahı dəqiqləşdiriləcək”, – deyə
S.Babayev əlavə edib.

Qeyd edək ki, 1991-1997-ci illərdə ölkəmizin ərazi bütövlüyünün
müdafiəsi ilə əlaqədar hərbi xidmətdə olarkən xəsarət nəticəsində
əlilliyi müəyyən edilmiş şəxslərə və onlardan vəfat edənlərin ailə
üzvlərinə birdəfəlik ödəmələrin verilməsi ilə bağlı verilən
sərəncama görə, I dərəcə əlilliyə görə – 8 800 manat, II dərəcə
əlilliyə görə – 6 600 manat və III dərəcə əlilliyə görə – 4 400
manat veriləcək.

Teqlər: