Birgünlük səfər, yüzillik xidmət: Dövlət başçısının bölgələrə səfəri əhalinin rifahına xidmət edir

Xəbər - Alpər Ziya – Trend:

Prezident İlham Əliyevin hər hansı bir rayona səfəri həmin rayonun inkişafına və bölgənin gələcək perspektivləri ilə bağlı qapıların açılmasına xidmət edir. Dövlət başçısının belə səfərlərindən biri də dünən Hacıqabul rayonuna oldu. Birgünlük səfər, əslində, yüz illər boyu bölgə əhalisinin rifahına və rahatlığına xidmət edəcək. Çünki bu sfər çərçivəsində rayonun inkişafı üçün çox mühüm açılışlar və təqdimatlar reallaşdı.

Dövlət başçısı ilk olaraq Hacıqabul Sənaye Məhəlləsinin açılışını etdi. O məhəllə ki, orada 1500 ədəd yük və xüsusi təyinatlı avtomobil istehsal etmək imkanı var. Müəssisə Hacıqabul rayonunda 100 nəfərdən çox insanın məşğulluğunu təmin edəcək. Bu zavodda Özbəkistan və Rusiya ilə birgə layihələr icra olunacaq. Beləliklə, bu müəssisənin istifadəyə verilməsi rayonun iqtisadi inkişafı üçün böyük təkan olmaqla yanaşı, ölkəmizdə avtomobil sənayesinin formalaşmasında mühüm rol oynayacaq.

Sənaye məhəlləsindən sonra Hacıqabul-Muğan avtomobil yolu yenidənqurmadan sonra istifadəyə verildi. Uzunluğu 11,5 kilometr olan bu yol 32 min nəfərin yaşadığı 2 yaşayış məntəqəsi arasında əlaqəni gücləndirəcək. Eyni zamanda, əhalinin həm Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi yoluna, həm də Hacıqabul-Şirvan yolu vasitəsilə digər şəhər və rayonlara rahat çıxışı təmin edəcək.

Dövlət başçısı: “Altı il bundan əvvəl pambıqçılıq demək olar ki, batırdı”

Prezident İlham Əliyev Hacıqabula səfəri çərçivəsində rayonun Meyniman kəndinin ərazisində fermer Elşən Xəlilovun 10 hektarlıq pambıq tarlası ilə də tanış oldu və əkin sahəsində pambıq səpininə start verilməsi prosesini izlədi. Bu faktın özü Azərbaycan Prezidentinin pambıqçılığa, bu təsərrüfat sahəsinə olan xüsusi diqqətinin göstəricisidir. Pambıqçılıqda əvvəlki illərlə məhsuldarlığı müqayisə edən Prezident İlham Əliyev orada dedi: “Altı il bundan əvvəl mən bu məsələ ilə maraqlananda pambıqçılıq demək olar ki, batırdı, cəmi 30-35 min ton yığılmışdı. Keçən il isə 336 min ton, 10 dəfə çox”.

Bu arada, xatırladaq ki, 2015-ci ildən etibarən dövlətimizin başçısı kənd təsərrüfatının bir çox sahələrinə xüsusi yanaşma sərgilədi. Bu sahələrdən biri də pambıqçılıq təsərrüfatının dirçəldirlməsi idi. Ötən altı ilin nəticəsi göstərdi ki, verilən tapşırıqlar, qoyulan tələblər özünü doğruldub. Belə ki, məhsuldarlıq dəfələrlə artıb, xüsusi stimullaşdırıcı tədbirlər görülüb. Faktların müqayisəli təhlili onu deməyə əsas verir ki, Azərbaycan üçün ənənəvi sayılan pambıqçılıq dirçəlib. Ölkədə hər hektardan məhsuldarlığın 30 sentnerdən yuxarı olduğu cəmi 3 il qeydə alınıb. Konseptual yanaşmanın tətbiq olunduğu 2015-ci ildə bu rəqəm 2 dəfə aşağı idi. Görülən kompleks tədbirlər artıq tarixi maksimuma yenidən çatmağı şərtləndirib. Ötən il hər hektardan məhsuldarlıq 33,6 sentner təşkil edib.

Hacıqabula gəldikdə isə bu il rayonda 300 hektar sahədə pambıq əkini aparılacaq. Artıq əkinlə bağlı tədarükçü şirkət 34 fermerlə müvafiq müqavilələr imzalayıb, onlar lazımi texnika və toxumla təmin ediliblər.

Beləliklə, dövlət başçısının Hacıqabul səfəri həm də pambıqçılığın iqtisadi inkişafda əsas prioritet sahələrdən biri olduğunu müəyyənləşdirdi.

AQROPARKLAR: Kənd təsərrüfatı sahəsində aparılan islahatların tərkib hissəsi

Qeyd edək ki, kənd təsərrüfatının ən müasir texnologiyalar və elmi əsaslar üzərində inkişafı dövlətimizin başçısının aqrar siyasətinin mərkəzində duran məsələlərdən biridir. Rayonlarda aqroparkların yaradılması və fəaliyyəti məhz bu prinsiplərlə həyata keçirilir.

Bu baxımdan, dövlət başçısının Hacıqabulda “Agro Dairy” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) aqroparkının təqdimatında iştirak etməsi də təsadüfi deyildi. “Agro Dairy” MMC regionlarda kənd təsərrüfatı infrastrukturunun yaxşılaşdırılması, müasir texnika və innovasiyaların tətbiqi ilə yüksək məhsuldarlığa malik keyfiyyətli məhsul əldə etmək məqsədilə layihələr həyata keçirir. Onlardan Samux rayonunun Qaraağaclı kəndi ərazisində ümumi sahəsi 2698 hektar, Tovuz rayonunun Ceyrançöl ərazisində 7000 hektar və Padarçöl (Hacıqabul, Şamaxı) ərazisində 5000 hektar olan sahələrdə intensiv bitkiçilik təsərrüfatı yaradılıb, yeni ərazilər əkin dövriyyəsinə cəlb edilib.

Rayonda istifadəyə verilən daha biri aqropark isə “Azərsun Şamaxı Aqropark”ıdır. Bu müəssisə 2 hissədən – əkin sahələri və heyvandarlıq kompleksindən ibarətdir. Heyvandarlıq kompleksində 2000 baş südçülük istiqamətli olmaqla, 5000 baş iribuynuzlu heyvan saxlanılır. Gündəlik süd istehsalı 50 tondur. Müəssisə gələn ildən etibarən 1000 baş damazlıq düyə yetişdirməyi hədəfləyir. Kompleksdə Azərbaycanda ilk dəfə embrion köçürülməsi həyata keçirilib.

Aqroparka məxsus 4200 hektar əkin sahəsində buğda, arpa, şəkər çuğunduru, qarğıdalı, yonca və müxtəlif növ tərəvəzlər əkilir. Aqropark yaradılarkən müasir suvarma sisteminin quraşdırılması nəzərə alınıb. Suvarma üçün ümumi tutumu 2,6 milyon kubmetr olan iki süni göl yaradılıb. Ərazidə ən müasir texnologiyaların tətbiqi ilə suvarma sistemi qurulub. Ümumilikdə 77 milyon manat sərmayənin yatırıldığı aqroparkda 200 nəfər daimi işlə təmin olunub. Bundan əlavə, mövsümdə işçilərin sayı 500 nəfərə çatır.

Hacıqabula səfəri çərçivəsində aqroparklardan da danışan Azərbaycan Prezidenti bildirdi ki, bu, Azərbaycanda kənd təsərrüfatı sahəsində aparılan islahatların tərkib hissəsidir. Böyük aqroparkların yaradılmasının əsas məqsədi ərzaq təhlükəsizliyini təmin etməkdir. Təbii ki, eyni zamanda, kiçik fermer təsərrüfatlarının inkişafı ilə bağlı praktiki işlər görülür. Bu iki istiqamət üzrə kənd təsərrüfatı inkişaf edir:

“Aqroparkların üstünlüyü ondan ibarətdir ki, burada daha bol məhsul yetişdirilir və məhsuldarlıq da daha yüksəkdir. Bu, təbiidir, çünki burada ən müasir aqrotexniki tədbirlər tətbiq olunur.

Hacıqabul rayonu əhali baxımından o qədər də böyük rayon deyil, 77 min əhalisi var. Ancaq burada iki böyük aqropark fəaliyyət göstərir və yüzlərlə yerli sakin bu aqroparklarda işlə təmin edilibdir. Misal üçün, torpağın münbitliyi baxımından Hacıqabul ölkəmizin ən qabaqcıl rayonu deyil. Torpağın keyfiyyəti digər rayonlarla müqayisədə daha aşağıdır. Ancaq, buna baxmayaraq, məhz Hacıqabulda bu aqroparkların yaradılması bizim siyasətimizin uğurlu olmasından xəbər verir. Çünki ən ağır yerlərdən biri də Hacıqabuldur. Mənə bu gün hər iki aqroparkda verilən məlumata görə, suvarılan sahələrdə minlərlə hektar pivot altındadır. Burada taxılçılıqdan məhsuldarlıq hektardan 60 sentnerdir, yəni, altı ton. Müqayisə üçün deyə bilərəm ki, Hacıqabul rayonunda məhsuldarlıq hektardan otuz sentnerdir. Ölkə üzrə təqribən otuz sentnerdən bir qədər çoxdur. Ancaq iri fermer təsərrüfatlarında məhsuldarlıq 60 sentnerdir, iki dəfə çoxdur. Əgər bu yanaşma bizim bütün böyük təsərrüfatlarımızda və eyni zamanda, kiçik fermer təsərrüfatlarında tətbiq olunarsa, onda biz ərzaq təhlükəsizliyi məsələləri ilə bağlı işlərimizi tamamlamış olacağıq”.

Azərbaycan xalqı iqtisadi inkişafda innovativ yeniliklərin şahidi olacaq

Dövlət başçısı Hacıqabulda, həmçinin 110/35/10 kilovoltluq “Qarasu” yarımstansiyasını istismara verdi. Bu yarımstansiyanın istismara verilməsi ilə ümumilikdə 10 mindən çox əhalinin elektrik enerjisi təchizatı daha da yaxşılaşdırılıb. Yarımstansiyada quraşdırılan müasir tipli eleqaz və vakuum açarları, mikroprosessor tipli rele mühafizə sistemi, Komplekt Transformator Məntəqələri və nəzarət-avtomatika qurğularının elementləri birləşdirilərək vahid “Ağıllı Şəbəkələrin İdarəetmə Mərkəzi”nə qoşulub. Belə ki, idarəetmə mərkəzi sayəsində “Qarasu” yarımstansiyasından başlayaraq sayğaclara qədər elektrik şəbəkəsi onlayn rejimdə izlənilir, balansa nəzarət olunur, yarana biləcək problemlərin aradan qaldırılması üçün operativ məlumatların toplanılması, emal edilməsi, informasiya sistemlərinin monitorinqi, təhlili sayəsində qabaqlayıcı tədbirlər görülür.

Göründüyü kimi, Prezident İlham Əliyevin Hacıqabul rayonunun timsalında bölgələrə səfəri regionların, ümumilikdə cəmiyyət həyatının yeniləşməsi və müasirləşməsi, müxtəlif sahələrin inkişafı, əhalinin rifah halının yüksəlişi kimi ali məramlara xidmət edir. Dövlət başçısının belə səfərlərinin intensivliyini nəzərə alsaq, əminliklə deyə bilərik ki, Azərbaycan yaxın gələcəkdə sürətli inkişaf tempini qoruyub-saxlayacaq və Azərbaycan xalqı bütün sahələrin işkişafında müasir, innovativ yeniliklərin şahidi olacaq.

Teqlər: