Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlaması Azərbaycanın prinsipial siyasətinin nəticəsidir – Politoloq

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlaması 10 noyabr 2020-ci il tarixində Azərbaycan Prezidenti, Ermənistan baş naziri və Rusiya Prezidenti arasında imzalanmış bəyanatın bir hissəsidir. Bu zaman kəsiyində Ağdam rayonunda Mərkəzin yaradılması istiqamətində aidiyyatı qurumlar ilə koordinasiyalı iş qurulmuş və nəhayət bu məsələ öz müsbət həllini tapmışdır.

Bunu AzerTimes-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

Onun sözlərinə görə, monitorinq Mərkəzinin yaradılması barədə birgə bəyanatda da deyilir ki, bu mərkəz vəziyyətin monitorinqini həyata keçirəcək. Mərkəz tərəflər arasında yarana biləcək insidentlərin aradan qaldırılmasına, atəşkəs rejiminin saxlanılmasına və bu rejimin günbəgün daha da möhkəmlənməsinə xidmət edəcək:

“Mərkəzin fəaliyyətə başlaması göstərir ki, 10 noyabr bəyanatının maddələri realizə olunur. Daha mühüm məsələ ondan ibarətdir ki, bu məntiqi nəticə Azərbaycan Prezidenti İlham Əliyevin düşünülmüş, uzaqgörən, prinsipial, səbəb-nəticə əlaqəsinə söykənən praqmatik siyasəti ilə birbaşa bağlıdır. Həm döyüş meydanında, həm diplomatik masada Azərbaycanın gücünün, strateji hədəflərə çatmaq istiqamətində apardığı siyasətin, eyni zamanda, Azərbaycan-Türkiyə qardaşlığının və strateji tərəfdaşlığının bariz nümunəsidir”.

Politoloq qeyd edir ki, Türkiyə hərbçilərinin burada olması regionda yaranmış yeni geosiyasi reallıqdır. Bu reallıq isə Azərbaycan Prezidentinin iradəsi və Azərbaycan-Türkiyə tərəfdaşlığı nəticəsində əldə olundu:

“Bu məsələ Cənubi Qafqaz regionunda uzunmüddətli sülhün təmin edilməsinə, mehriban qonşuluğun möhkəmlənməsinə və davamlı inkişafa yönəlmiş bir məsələdir. Bununla yanaşı, Mərkəzin fəaliyyətə başlaması ölkə başçımız İlham Əliyev tərəfindən irəli sürülən 3+3 formatının reallaşması istiqamətində əməli addımdır”.

Teqlər: