Prezident İlham Əliyevin yeni imzaladığı “Aztəminatlı ailələrə birdəfəlik yardım göstərilməsi haqqında” Sərəncam bu kateqoroyadan olan ailələrin sosial müdafiəsinə göstərilən xüsusi qayğının daha bir təzahürüdür.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AzerTimes-a verilən məlumata görə, Sərəncama əsasən, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 2021-ci il 30 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə 100 manat məbləğində birdəfəlik yardım ödəniləcək.
Birdəfəlik yardımın maliyyələşdirilməsi məqsədilə 2021-ci il dövlət büdcəsində ünvanlı sosial yardım üçün nəzərdə tutulmuş vəsaitdən 4,8 milyon manat ayrılıb.
Sərəncam ünvanlı sosial yardım alan, 200 mindən çox ailə üzvü olan 47 min ailəni əhatə edəcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birdəfəlik yardımı həmin ailələrin hesablarına köçürəcək.
Qeyd edək ki, ünvanlı sosial yardımın hər ailəyə düşən orta aylıq məbləği də artmaqda davam edir və bu məbləğ son 4 ildə 88% artaraq 280 manatı ötüb.