Bir yumruqla öldürdüm -“Berlin Pub”da qətl törədən şəxs

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində kafedə qətl törətməkdə
təqsirləndirilən Orxan Şahbazovun cinayət işi üzrə məhkəmə prosesi
davam etdirilib.

AzerTimes-ın məlumatına görə, hakim Samir Əliyevin sədrliyi ilə
keçirilən prosesdə ifadə verən şahid Ramin Qədimov bildirib ki,
qətldə təqsirləndirilən Orxan Şahbazovu pabda görüb.

Mən, Valeh və Vüqar Vüqargildə oturmuşduq, nərd oynayırdıq.
Qərara gəldik ki, “Berlin Pub”a gedək. Yer rezerv elədik, getdik.
İçəri girəndə məni buraxmadılar ki, corabsızsan. Vüqar dedi ki, biz
yer rezerv etmişik. Corab geyindim, keçdik içəri. İçəridə bizə
dedilər ki, xanımsız gəlmisiniz, otağa buraxılmırsınız. Biz dedik
ki, depozit də qoymuşuq, amma bizə deyilməyib ki, bura xanımsız
gəlmək olmaz. Daha sonra Valehlə Orxan mübahisə elədi. Biz dedik
ki, səbəb deyin, demədilər. Valehlə Orxan mübahisə eləyib, çıxdılar
çölə. Sonra Orxan Valehi vurdu. Bir də gördüm ki, qışqırdılar ki,
dostunuz öldü. Biz gəldik ki, Vüqarı öldürüblər Vüqar yerdə
xırıldayırdı. Onu öz maşınımızla “Leyla Şıxlinskaya” Klinikasına
apardıq. Orda dedilər ki, bunu Neyrocərrahiyyə Xəstəxanasına
aparın. Ordan təcili yardım maşınına qoydular apardılar. Yolda
təcili yardım döndü 3 saylı şəhər Klinik Xəstəxanasına. Ora çatanda
dedilər ki, Vüqar öldü”,- şahid bildirib.

Vəkilin suallarını cavablandırılan Orxan Şahbazov bildirib ki,
Vüqar Mustafayevi bir zərbə ilə öldürüb: Valehlə mən dalaşırdım.
Arxadan kimsə məni toxundu, elə bildim dostuna kömək edir. Onu
uzaqlaşdırmaq üçün bir yumruq vurdum. Dedilər ki, öldü”.

Qeyd edək ki, 2021-ci il avqustun 30-da saat 08:10-da 1980-ci il
təvəllüdlü Mustafayev Vüqar İlham oğlunun aldığı xəsarətlər
nəticəsində xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat
daxil olub.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa
ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb
olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İstintaqla avqustun 29-da saat 21 radələrində Xətai rayonu
ərazisində yerləşən “Berlin Pub” kafesində mühafizəçi işləyən
1987-ci il təvəllüdlü Şahbazov Orxan Rəhman oğlunun aralarında
yaranmış mübahisə zamanı Vüqar Mustafayevi döyməklə qapalı
kəllə-beyin və baş beyinin ağır dərəcəli əzilməsi xəsarətləri
yetirməsi və nəticədə sonuncunun xəstəxanada almış olduğu
xəsarətlərdən ölməsi müəyyən edilib.

O.Şahbazov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə şübhəli
şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Teqlər: