Respublikanın bir sıra rayonlarında qarın yağması ilə əlaqədar
DYP tərəfindən hərəkətin təhlükəsizliyinin təmin edilməsi və
yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə zəruri
tədbirlər həyata keçirilir.
AzerTimes xəbər verir ki, hazırda
DİN BDYPİ-yə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayının
əməkdaşları tərəfindən yol təsərrüfatı işçiləri ilə birgə
Muğanlı-İsmayıllı yolunun Basqal qəsəbəsi ərazisində, eləcə də
Bakı-Şamaxı-Yevlax yolunun “Muğanlı dairəsi” adlanan hissəsində
qarın yaratdığı fəsadların aradan qaldırılması, nəqliyyat
vasitələrinin normal hərəkətinin təmin olunması üçün tədbirlər
görülür, sürüşmə səbəbindən yolda qalan sürücülərə köməklik
göstərilir.
Bunula yanaşı, digər avtomobil yollarında da sürücülərlə
profilaktik söhbətlər aparılır, yollarda olan vəziyyət barədə
onlara məlumat verilir.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi bir daha
sürücülərə müraciət edərək hava şəraitini düzgün qiymətləndirməyi,
qar yağan bölgələrə səfərlər zamanı zəruri ehtiyyat tədbirləri
görməyi xahiş edir.