Xəbər - Elçin Mehdiyev – Trend:
Sentyabrın 17-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi payız sessiyasında ilk iclasını keçirib. Videokonfrans formatında keçirilən iclasda gündəlik barədə komitənin sədri Hicran Hüseynova məlumat verib.
Parlamentdən AzerTimes-a verilən məlumata görə, Komitə sədri əvvəlcə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin 2021-ci ilin yaz və növbədənkənar sessiyası ərzində gördüyü işlər barədə hesabatı təqdim edib. Bildirib ki, Ailə, qadın və uşaq məsələləri komitəsinin hesabat dövründə keçirilən 13 iclasında 21 məsələyə baxılıb. Həmçinin komitədə “Gənc ailələrlə bağlı mövcud vəziyyət: imkan və çətinliklər”, “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanunun icra vəziyyəti: imkan və çətinliklər” və “Azərbaycan Ailə Strategiyasının formalaşması hüquq müstəvisində” mövzularında 3 dinləmə keçirilib.
Bundan başqa, sessiya ərzində komitə sədri və üzvləri təmsil olunduqları parlamentlərarası əlaqələr üzrə işçi qrupları, beynəlxalq təşkilatların nümayəndələri ilə onlayn qaydada görüşlər keçiriblər, müzakirələr aparıblar, regionda baş verən hadisələr barədə reallıqları, ölkəmizin haqlı mövqeyini dünya ictimaiyyətinə çatdırıblar.
Hesabat dövründə komitəyə vətəndaşlardan 351 müraciət daxil olub. Həmin müraciətlərdə vətəndaşların qaldırdığı məsələlərlə bağlı 153 məktub hazırlanaraq aidiyyəti qurumlara göndərilib və digər müvafiq tədbirlər görülüb.
Sonra komitə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin 2021-ci ilin payız sessiyasının işlər planını müzakirə edib. Hicran Hüseynova qarşıdakı sessiyanın iş planının deputatların təklifləri üçün açıq olduğunu bildirib.
Müzakirəyə çıxarılan 3-cü məsələ – “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” və “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı komitə sədri məlumat verib ki, artıq qanunvericilik aktlarında təqaüdlə müavinətlər birləşdirildiyi və təqaüd artırıldığına görə, həmçinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar tam dövlət təminatına alındığı üçün qanunlara bu dəyişikliklər təklif edilib.
Müzakirə olunan məsələlərə bağlı Ailə, qadın və uşaq məsələləri komitəsi sədrinin müavini Jalə Əliyeva, komitə üzvləri Tamam Cəfərova, Pərvin Kərimzadə, Ramin Məmmədov, Sevil Mikayılova, Sədaqət Vəliyeva, Rəşad Mahmudov, Könül Nurullayeva və Nigar Arpadarai çıxış ediblər.
Deputatlar komitənin ötən sessiyadakı işi və payız sessiyasının iş planı barədə fikirlərini bildiriblər. Qeyd olunub ki, komitə üzvləri hesabat müddətində karantin qaydalarına əməl etməklə seçicilərlə sıx əlaqə saxlayıblar, ictimai-siyasi proseslərdə fəallıq göstəriblər, bir çox məsələlərlə bağlı mətbuatda çıxış ediblər.
Komitə üzvləri payız sessiyasının işlər planına ailə məsələləri, qadın və uşaq hüquqları ilə bağlı dinləmələrin salınması, həmçinin ailə dəyərlərinin qorunmasının, qadınların məşğulluğunun təmin olunması, məişət zorakılığının və uşaqlara qarşı zorakılığın qarşısının alınmasının qanunvericilikdə gücləndirilməsi, bu sahədə cəzaların sərtləşdirilməsi ilə bağlı təkliflərini irəli sürüblər.
Deputatlar iclasda baxılan qanun layihəsini Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə ediblər.
İclasda deputat Rauf Əliyev, Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev və digər rəsmi şəxslər iştirak ediblər.
Twitter: @ElchinMehdiyev