Bir sıra ölkələrdən idxala və tranzit daşımalara məhdudiyyət qoyulub

Xəbər - Çingiz Səfərli – AzerTimes:

Bir sıra ölkələrdən Azərbaycana məhsul idxalı, tranzit daşımalarına məhdudiyyətlər tətbiq edilib.

Bu barədə AzerTimes-ə Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Məlumata görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, Çin Xalq Respublikasının Çinhay əyalətində və İordaniya Haşimi Krallığının Amman inzibati ərazi vahidində dabaq xəstəliyi, Norveç Krallığının Roqaland inzibati ərazi vahidində, Niderland Krallığının Qroninqen əyalətində, Almaniya Federativ Respublikasının Meklenburq-Ön Pomeraniya vilayətində və İngiltərənin Qərbi Midland regionunda yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə Çin Xalq Respublikasının Çinhay əyalətindən və İordaniya Haşimi Krallığının Amman inzibati ərazi vahidindən diri heyvanların, heyvan mənşəli məhsulların və xammalın idxalına, eyni zamanda tranzit daşınmasına məhdudiyyət tətbiq olunub.

Budnan başqa Norveç Krallığının Roqaland inzibati ərazi vahidindən, Niderland Krallığının Qroninqen əyalətindən, Almaniya Federativ Respublikasının Meklenburq-Ön Pomeraniya vilayətindən və İngiltərənin Qərbi Midland regionundan OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla, diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləs”inin 10.4.23-cü və 10.4.25-ci maddələrinə uyğun olaraq, quş qripi viruslarının məhv edilməsini təmin edən və emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına, habelə qeyd olunan ölkələrin həmin inzibati ərazi vahidlərindən Azərbaycan Respublikasının ərazisindən diri quşların tranzitinə müvəqqəti məhdudiyyət qoyulub.

Teqlər: