Bir şəklin tarixçəsi – Xocalıda sonuncu toyun gəlini həmin gündən danışdı

Xəbər - Fərid Zöhrabov – Trend:

Xocalı faciəsi Azərbaycan xalqının qanla yazılmış ürək
parçalayan bir səhifəsidir. Bu faciəni törətməklə, qəddar ermənilər
neçə-neçə ömürləri yarıda qoydular. Xocalıda qanlı faciə yüzlərlə
gəncin xoşbəxtliyini əlindən alıb onları öz doğma yurdlarından
didərgin saldı.

Yenicə toy edib ailə həyatının sevincini dadmamış, gözəl
arzuları darmadağın olmuş gənc ailələrdən biri də Dürdanə ilə Vasif
Qafarovun ailəsi oldu. Bu gənclərin toyu Xocalıda baş tutan son toy
oldu.

Dürdanə xanım AzerTimes-a müsahibəsində həmin illəri ürək ağrısı ilə
belə xatırlayır:

“Hamımızın dinc həyatı pozulmuşdu. Çox narahat və həyacanlı
günlər yaşayırdıq. Xocalıda döyüşlər gedirdi. Həyat yoldaşım Vasif
döyüşdüyünə görə günlərlə evə gələ bilmirdi.1992-ci il fevralın
25-dən 26-a keçən gecə Xocalı işğal olundu. Biz doğma yurdumuzdan
didərgin düşməyə məcbur olduq.

Biz 1991-ci il yanvarında el adəti ilə nişanlandıq.
Valideynlərimiz bir neçə dəfə toyumuzun keçirilməsini
planlaşdırsalar da, Xocalıda vəziyyətin pisləşməsi buna imkan
vermədi. Nəhayət, 1992-ci il yanvarın 18-də bu toy keçirildi.
Bizdən əvvəl 5-6 ay öncə Xocalıda toy olmuşdu. Sonuncu toy bizim
oldu. Şəhərdə ermənilərin hücum ehtimalına görə, işıq
yandırılmırdı. Toy mağarına işıq generatorla verilmişdi. Toy
təhlükəsizliyə görə tez bitdi.

Toyumuzdan üç ay keçmişdi. Toyumuzdakı şəkilləri çəkən Əliş dayı
bizə gəldi. O toyumuzdan çəkilən bəzi şəkilləri bizə çatdırdı. Bu
şəkillər Xocalıdan qalan son kövrək xatirələr oldu. Şəkildə əlində
boşqab olan yoldaşımın əmisi qızıdır – adaşım Dürdanə Ağayeva.
Həmin xanımın ermənilər tərəfindən öldürüldüyü deyilsə də, həmin
qadın 8 gün erməni əsirliyində qalıb. Əsirlikdən qayıtdıqdan sonra
başına gələn müsibətlərə bağlı bir neçə kitab yazıb. Şəkildə mənim
solumda olan Əliyar adlı oğlan isə iki qardaşı ilə birlikdə itkin
düşüb. Sağdakı Elşən adlı oğlan isə onların əmisi oğlu idi. Çox
təəssüflər olsun ki, Elşən də itkin düşdü. Əlimdən tutan qadın
mənim bibimdir. Biz Xocalını tərk edəndə o da bizimlə idi.

1992-ci ildən həyat yoldaşım Qarabağ müharibəsi iştirakçısı,
ikinci qrup əlil olan Vasif Qafarovla və yeganə qızımla Bakı
şəhərində yaşayırıq.
Mənim ən gözəl arzularım qəlbimdə, xoş günlərim isə Xocalıda qaldı.
Bir ana kimi çox arzulayıram ki, qızım xoşbəxt olsun və mənim
həyata keçməmiş arzularım onun həyatında çiçək açsın”.

Dürdanə xanım onu da qeyd edib ki, bu gün həmin insanların
ruhunu həm də bir qalib xalqın nümayəndəsi kimi anır.

“Artıq özümüzdə təsəlli tapırıq ki, həmin insanların ruhu
şaddır, Vətən müharibəsində qələbəmiz həmin insanların narahat
ruhlarına da bir rahatlıq gətirib. Biz artıq Xocalı qurbanlarının
ruhunu utanaraq, məğlub xalq kimi deyil, başıuca, qalib xalq kimi
anırıq”, – deyə o əlavə edib.

Teqlər: