Bir səfərlə müharibə başlaya bilər – Gərginlik pik həddə

Bir səfərlə müharibə başlaya bilər – Gərginlik pik həddə

ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvan adasına səfərə hazırlaşması Pekini xeyli qəzələndirib. Çin Tayvanı özününkü sayır və onun icazəsi olmadan bu adaya səfərləri sərt qarşılayır. Vəziyyət o qədər gərgindir ki, Nensi Pelosini Tayvana çatdıracaq təyyarənin hədəf alınacağı haqqında xəbərdarlıqlar var.

AzerTimes xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, Pentaqon narahatdır, Nensi Pelosi və onunla adaya gedəcək heyətlə bərabər ABŞ hərbi gəmiləri Hind-Sakit okean regionunda təlimlərə başlayıblar:

“Bu, Pekinə xəbərdarlıq mahiyyəti daşıyır. Pekin geri addım atmır və qarşıdurmaya hazırdır. Pekin Tayvanın hava sahəsində uçuşa qadağan zona elan edə bilər. Tayvan hərbçiləri hava hücumundan müdafiəyə hazırlaşırlar.

Çin Xarici İşlər Nazirliyi xəbərdar edib ki, əgər bütün xəbərdarlıqlara rəğmən, Nensi Pelosi Tayvana gedərsə, Çin müvafiq addımlar atmaqdan çəkinməyəcək və buna görə Vaşinqton məsuliyyət daşıyacaq. “Faynənşl Tayms” dərgisi müxtəlif mənbələrə əsaslanaraq Pekinin ciddi olduğu qənaətinə gəlib. Belə vəziyyətdə Nensi Pelosi səfərdən imtina edəcəkmi?

Ağ Ev və Pentaqon Nensi Pelosini səfərdən imtina etməyə razı salacaqmı? Çünki Çinlə münasibətlərdə əlavə gərginlik Ağ Ev administrasiyasına və Pentaqona lazım deyil. Böyük Britaniyanın digər dərgisi olan “Deyli Teleqraf” Çinin Tayvanı ələ keçirmək ehtimalının artdığını yazıb.

ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan bütün ssenarilərə hazırlaşdıqlarını bildirib. “Biz strateji qeyri-müəyyənlik siyasətini davam etdiririk” deyən Sallivan müharibə başlayacağı halda ABŞ-ın iştirakçı olub-olmayacağıyla bağlı suala konkret cavab verməyib. Amerikalı generallar vəziyyət barədə məlumatlıdırlar və Çinin nə edə biləcəyini proqnozlaşdırırlar. Əslində amerikalı generallar Nensi Pelosinin indiki həssas dövrdə Tayvana səfərinin əleyhinədirlər.

Nensi Pelosi səfərdən imtina etməyib. Ancaq Nümayəndələr Palatasının sədri səfəri konkret hansı tarixdə reallaşacağı barədə fikir bildirmir. Pelosinin səfərdən imtinası qərarı onun imicinə mənfi təsr edəcək. Belə çıxacaq ki, Pelosi Pekinin hədələrindən qorxdu. Vaşinqton kimi Tokio da Çinin Tayvanı ələ keçirməsi ehtimalını yüksək qiymətləndirir. Tokio belə bir müharibənin başlamasını istəmir. Çünki müharibə başlayacağı halda Tokio Vaşinqtonu müdafiə edərək Çinlə üz-üzə qalacaq. Odur ki, Nensi Pelosinin adaya səfərini təxirə salması Yaponiyanın da maraqlarına cavab verir”.

Teqlər: