Bir PUA ilə ABŞ bazası “məhv oldu”? – Gizli oyun

Bir PUA ilə ABŞ bazası “məhv oldu”? – Gizli oyun

İranın İordaniyada ABŞ hərbi bazasına hərbçilərin ölümü ilə nəticələnən hücumunda müəmmalar var:

1. Amerika mediasında Yaxın Şərqdəki hərbi bazalara son bir neçə ayda 100-dən çox hücumun edildiyinə dair statistika mövcuddur: bu hücumların heç birində amerikalı əsgərlər həlak olmayıb, yaxud ağır yaralanmayıb, hətta bazalara ciddi ziyan dəyməyib: maraqlıdır, bir dronla edildiyi deyilən hücumda 3 hərbçi ölür, onlarla hərbçi yaralanır;

2. ABŞ-da dünənə qədər siyasi gündəm Texas ştatında yerli hakimiyyətin Meksika ilə sərhəd məsələsinə görə mərkəzi hakimiyyətə “üsyan bayrağı” qaldırması, “Texit”in yenidən aktuallaşmasıdır: respublikaçılar buna görə Bayden Administrasiyasını hədəf taxtasına çıxarıb və demokratlar seçkiöncəsi çətin vəziyyətə düşüb: İranın hücumu ilə Texas üsyanı arxa plana keçdi, hətta respublikaçılar belə Yaxın Şərqdə ABŞ təhlükəsizliyinə təhdidlərdən danışır, Tehrana hərbi müdaxilədən bəhs edirlər.

Bu məqamlar hücumun arxasında siyasi planların dayandığına dair ehtimalları önə çıxarır. Amerikalı hərbçilərin ölümünün Vaşinqton üçün sərfəli tərəfləri var:

Birincisi, ABŞ daxilində siyasi gündəmi dəyişmək;

İkincisi, Amerika ordusunun Yaxın Şərqdə mövcudluğunu əsaslandırmaq.

Son bir neçə ayda yüzlərlə hücumdan zərər görməyən amerikalı hərbçilərin dron hücumu ilə ölməsi və yaralanması bu kontekstdə şübhələrə yol açır.

Burada əsas məqamlardan biri də amerilakı hərbçilərin ölümünün ABŞ ordusunun Yaxın Şərqdən tədricən çəkilməsi məsələsinin gündəmdə olduğu vaxt baş verməsidir. Vaşinqton İraqdakı hərbçilərin sayının azaldılması və tədricən çıxarmağı Bağdadla müzakirə edir. ABŞ mediası Baydenin qüvvələri Suriyadan da çıxarmaq istəyindən yazır. Və bu informasiyalar fonunda amerikalı hərbçilərin ölümü ilə nəticələnən, ümumiyyətlə son aylar İrandan qaynaqlanan yüzlərlə hücum ABŞ ordusunun bölgədə missiyasının əhəmiyyətini önə çıxarmış oldu. Amerikalı hərbçilərin ölümündən sonra Vaşinqtonun siyasi gündəmində “qisas” çağırışlarının alovlanması daxili ictimai rəyi də Yaxın Şərqdə mövcudluğun vacibliyinə yönəldir.

Beləliklə, Bayden Administrasiyası həm Texas gündəmini dəyişir, həm “Yaxın Şərqdə hərbi missiyanın” vacibliyini region ölkələrinə və Amerika cəmiyyətinə nümayiş etdirir.

Və bu prosesdə Vaşinqtona yaxından “dəstək” verən ölkənin İran olduğu görünür. İraqa, Suriyaya, Pakistana hücumun ardınca İordaniyaya da edilən hücumda İranın hədəfi “müqavimət oxu”nu gücləndirmək, “qisas” planlarını icra etməkdir, eyni zamanda, bununla amerikalılara “əlcək atır”. Bu baxımdan, ABŞ-ın İrana müdaxilə etməyəcəyi ehtimalı edəcəyi ehtimalından çox yüksəkdir. Lakin ABŞ və İranın Yaxın Şərqdə eskalasiyanı artıracaq addımları qarşılıqlı şəkildə atmağa davam edəcəyi gözləntisi var.

Teqlər: