Bir neçə rayonda qanunsuz ağac kəsimi faktı aşkarlanıb.
Bu barədə AzerTimes-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən bildirilib.
Sumqayıt şəhərinin Cəfər Cabbarlı küçəsində, Suraxanı rayonunun Səttar Bəhlulzadə adına Mədəniyyət Mərkəzinin həyətyanı sahəsində, İsmayıllı rayonunun İvanovka kəndlərində ağacların kəsilməsi, Sumqayıt şəhəri, 20 Yanvar küçəsində ağacların qanunsuz olaraq başqa əraziyə köçürülməsi, Qobustan rayonunun Yekəxana kəndində isə ağacın zədələnməsi faktları müəyyən olunub.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, Suraxanı rayonu və Sumqayıt şəhərindəki faktlarla bağlı yaşıllığa dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər hüquq-mühafizə orqanlarına göndərilib.
İsmayıllı və Qobustan rayonundakı faktlarla bağlı isə təqsirkar şəxslər barəsində akt, protokol tərtib edilib və qanunamüvafiq tədbirlər görülüb.