Bir neçə gün əvvəl dəfn edilən qadının qardaşı tərəfindən öldürüldüyü məlum olub

Şirvan şəhərində qeyri-aşkar şəraitdə törədilmiş qətlin üstü
açılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən AzerTimes-a verilən məlumata görə,
Prokurorluq və polis əməkdaşlarının peşəkarlıqla həyata
keçirdikləri təxirəsalınmaz istintaq hərəkətləri və
əməliyyat-axtarış tədbirləri nəticəsində Şirvan şəhərində
qeyri-aşkar şəraitdə törədilmiş qətlin üstü açılıb.

Belə ki, cari il martın 14-də 1952-ci il təvəllüdlü Şirvan şəhər
sakini Bəhruzə Rəsulovanın naməlum şəkildə ölməsi, hər hansı
aidiyyatı təşkilatlara məlumat verilmədən meyitin dəfn edilməsi ilə
bağlı Şirvan şəhər prokurorluğuna daxil olmuş müraciət əsasında
prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış
keçirilib, zəruri cinayət-prosessual hərəkətlər icra edilməklə
yanaşı, meyitin qəbirdən çıxarılması (ekshumasiya) çıxarılması
təmin edilməklə məhkəmə-tibb ekspertinə təqdim edilib.

Meyitin məhkəmə-tibb müayinəsi zamanı bədənində ölümünə səbəb
olan sağlamlığa ağır zərər vurmaya aid qalxanvari vəzi ətraflarında
yumşaq toxumalarda geniş ölçüdə qansızma və dilaltı sümüyün sınığı
xəsarətləri aşkar edilib.

Faktla bağlı Şirvan şəhər prokurorluğunda Cinayət Məcəlləsinin
120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi
başlanılıb.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və
əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən olunub ki, 1968-ci
il təvəllüdlü Alim Rəsulov martın 14-də, saat 07 radələrində
yaşadıqları evdə şəxsi münasibətlər zəminində aralarında baş vermiş
mübahisə zamanı bacısı Bəhruzəni əllə boğaz nahiyəsindən vuraraq
öldürüb.

Məhkəmə-tibb ekspertizası zamanı Alim Rəsulovun sağ əlinin üst
və sağ ön boyun nahiyələrində sıyrıq xəsarətlərinin olduğu müəyyən
edilib.

Alim Rəsulov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb
edilib.

Hazırda iş üzrə intensiv istintaq-əməliyyat tədbirləri davam
etdirilir.

Teqlər: