Bir millət vəkili tapılmadı nazirimizə deyə ki…

Bir millət vəkili tapılmadı nazirimizə deyə ki…

Ötən gün rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin yeni qanun layihəsinin (“Avtomobil nəqliyyatı haqqında” qanunda dəyişikliklərlə bağlı qanun layihəsi) parlament komitəsində müzakirəsi zamanı çıxışından bəzi müdaxiləli seçmələr:

1. Nazir taksi xidməti göstərən şəxslərin sayının 67 min, bunun “adambaşına düşən taksi sayına görə digər ölkələrin şəhərləri ilə müqayisədə 4-5 dəfə artıq” olduğunu dedi və bu sayı azaltmaqla bağlı qanunda dəyişikliyi əsaslandırdı;

– Ancaq millət vəkillərindən kimsə demədi ki, əgər taksilərin sayı 67 mindirsə, təklif çoxdursa, bunu niyə azaltmalıyıq? Bu tələb-təklif məsələsini niyə bazar özü tənzimləməməlidir?

2. Nazir dedi ki, məqsəd taksilərin sayını azaltmaqdır;

– Ancaq bir millət vəkili demədi ki, taksilərin sayının azaldılması niyə dövlətin prioritetinə çevrilməlidir: axı, bir çox halda insanlar dolanışıq üçün taksi fəaliyyəti göstərirlər. Bu dolanışıq imkanlarını onların əlindən niyə almalıyıq?

3. Nazir etiraf etdi ki, taksilərin sayı azalanda insanların ictimai nəqliyyata axını çoxalacaq və “bu istiqamətdə işlər görülməlidir”.

– Ancaq bir millət vəkili demədi ki, əvvəlcə “bu istiqamətdə” işlər görülsün, ictimai nəqliyyatdakı bütün problemlər aradan qalxsın, sonra taksi fəaliyyətinin məhdudlaşmasına baxarıq. Axı, insanları ictimai nəqliyyata yığıb, sonra ordakı basabas barədə düşünmək olmaz!

4. Nazir dedi ki, monitorinqlərə əsasən, taksi sifarişlərinin böyük hissəsi 1,5-3 km məsafəyə edilir, insanlar bu yolu piyada gedə və yaxud marşrutdan istifadə edə bilərlər;

– Ancaq bir millət vəkili qalxıb demədi ki, insanlar pullarının qənimi deyil, niyə 1,5-3 km yolu taksi ilə getmək istəsinlər ki! Əgər bu statistika varsa, demək, onun səbəbi araşdırılmalıdır. Yəni:

* Bakıda səkilər zəbt edilib, yol yerimək olmur; olan-qalan səkilərdə də avtomobillər saxlanır, yolun içiylə getmək isə təhlükəlidir;

* 1,5 km yolda bir ağac qalmayıb ki, kölgəsində rahat-rahat insanlar yol qət etsin. Məsələn, 1990-cı ildə Bakıda 15 min hektar yaşıllıq sahəsi vardı, 2023-cü ildə 920 hektar qalıb. Biz vəhşicəsinə 14,1 min hektar yaşıllıq sahəsini məhv etmişik; indi gün altında, səkisiz, yolun ortasıyla o yolu necə gedək?

– Bir millət vəkili qalxıb demədi ki, 1,5-3 km deyilən yol, məsələn, Atatürk parkının bu başından o başına deyil, tutaq ki, 7-ci mkr-dan Binəqədiyədir. Yol hesabı 2 km göstərilə bilər, ancaq bu məsafəni piyada, məhəllə içində yalnız bir maşın sığan, qarşıdan maşın gələndə dəhşətli tıxac yaranan yolla getmək olmur; ictimai nəqliyyatla isə gərək Bakının az qala yarısını fırlanıb, 5 marşrut dəyişib gedəsən.

Buna səbəb geniş yolları dar edən qaydasız tikintilərdir; 1,5 km yolu taksiyə möhtac edən bərbad ictimai nəqliyyatdır…

Demədilər. Bilirsinizmi niyə?

Çünki Bakıda sadə insanların “marşrutların”dan xəbərləri yoxdur, bilmirlər. Onlar yalnız “ayaqlarını açmaq” üçün bulvara çıxırlar – maşallah, çiçək kimi, geniş, ağaclı, sərin – gəz nə qədər istəyirsən! Qalan vaxt istidə sərin, soyuqda isti komfort avtomobillərində olurlar və məhz elə buna görə də narahatdırlar. Çünki komfort maşınlarında tıxacda, sıxlıqda qalırlar, bu da sayın millət vəkilləri və dəyərli məmurları qane etmir. Düşünürlər ki, hamısının günahı taksidədir – 67 min taksi ləğv olunsa, guya daha az sıxlıq olacaq və bunlar daha rahat mənzil başına çatacaqlar.

5. Nazirin sözündən belə çıxdı ki, taksilərin ucuz olmasından ciddi narahatlıq keçirir;

– Ancaq bir millət vəkili demədi ki, dünyada hansısa xidmət və ya məhsulun ucuz olmasından gileylənən hökumət məmuru tapmaq mümkün deyil. Bütün dünyada məmurlar qiyməti aşağı çəkmək üçün çalışır. Sayın nazirim, siz niyə ucuz qiymətdən narahatsınız ki?

– Bir millət vəkili demədi ki, “Koroğlu” qovşağına, bir zəhmət, 18-22 arası baş çəkin, görün avtobuslar necə gedir. “Manatlıq taksi”lər ordan insanları sel kimi daşıyıb aparmasa, orda gözləyənlərin növbəsinin uzunluğu “Nərimanov” metrosuna çatar.

Demədilər! necə desinlər – xəbərləri yoxdur axı!

Əziz millət vəkilləri və məmurlar, qanun təklifi verməzdən və onu müzakirə-qəbuldan əvvəl azacıq zəhmət çəkin, o qanunun özündə ehtiva etdiyi məsələləri araşdırmaq üçün o istiqamətdə bir neçə saatlıq “bizim birimiz” olun. Əminəm ki, onda daha doğru qərar verəcəksiniz.

Taksiləri yığışdırıb-bahalaşdırmaqla siz onsuz da gərgin olan nəqliyyat problemini kritik həddə çatdıra bilərsiniz.

Ağalar, vallah, istəyimiz çox adidir: elə edin ki, nökərləriniz olaraq vaxtında gəlib, sizə nökərçilik edə bilək…

Teqlər: