“Bir kəmər, bir yol” proqramı çərçivəsində ekoloji risklərin idarəsi təkmilləşdirilir

“Astana” Beynəlxalq Maliyyə Mərkəzinin (AIFC) Yaşıl Maliyyə Mərkəzi Mərkəzi Asiyada maliyyə institutları arasında yaşıl investisiya prinsiplərini təşviq etməyi hədəfləyir.

Bu barədə AzerTimes-a AIFC-nin Yaşıl Maliyyə Mərkəzindən bildiriblər.

Bildirilib ki, özəl sektorun maliyyələşdirilməsinin vacibliyini nəzərə alaraq, Qazaxıstan Respublikasının 2 yanvar 2021-ci ildə qəbul edilmiş yeni Ekologiya Məcəlləsində biznesi yaşıl maliyyə alətlərindən istifadə etməyə təşviq edən qaydalar yer alıb:

“Qazaxıstanın Ekologiya Məcəlləsinin qəbulu çərçivəsində AIFC Qazaxıstanın Sahibkarlıq Məcəlləsinə yaşıl kreditlər və yaşıl istiqrazlardan istifadə etməklə biznesin iqtisadi stimullaşdırılması tədbirlərini aydınlaşdıran müşayiətedici normalar layihələrini təqdim edib. Buraya yaşıl layihələr üçün kredit və kupon dərəcələrinin subsidiyalaşdırılması daxildir. Hazırda bu maliyyə dəstəyi tədbirlərinin həyata keçirilməsi çərçivəsində “Biznesin Yol Xəritəsi-2025″ biznesə dəstək və inkişaf proqramına dəyişiklik və əlavələr edilib ki, bunlar vasitəsilə də yuxarıda göstərilən mexanizm həyata keçiriləcək”.

Qeyd edilib ki, “Astana” Beynəlxalq Maliyyə Mərkəzinin Yaşıl Maliyyə Mərkəzi hazırda Qazaxıstanda milli yaşıl taksonomiyanın tətbiqi üzərində işləyir:


“Yaşıl taksonomiya mövcud təbii ehtiyatlardan istifadənin səmərəliliyinin artırılmasına, ətraf mühitə mənfi təsir səviyyəsinin azaldılmasına və enerji səmərəliliyinin artırılmasına yönəlmiş iqtisadi fəaliyyətlərin növlərinin, layihələrin və aktivlərin kateqoriyalarının vahid təsnifat sistemidir. Bu mexanizmi tam şəkildə həyata keçirmək üçün “Astana” Beynəlxalq Maliyyə Mərkəzinin Yaşıl Maliyyə Mərkəzi “Yaşıl Texnologiyalar və İnvestisiya Layihələri üzrə Beynəlxalq Mərkəzi” ilə birlikdə yaşıl taksonomiyanın hazırlanmasını başa çatdırıb və bu layihə hazırda Qazaxıstan Respublikası Hökuməti tərəfindən təsdiqlənmənin son mərhələsindədir”.

Bundan əlavə bildirib ki, bu ilin iyun ayında AIFC-nin Yaşıl Maliyyə Mərkəzi Mərkəzi Asiyada “Bir kəmər, bir yol” təşəbbüsü üçün Yaşıl İnvestisiya Prinsiplərinin regional ofisi olub:

“Yaşıl İnvestisiya Prinsipləri “Bir kəmər, bir yol” proqramı çərçivəsində investisiyaların ekoloji risklərinin idarə edilməsini təkmilləşdirmək üçün beynəlxalq şəbəkə yaratmaq məqsədi ilə qəbul edilib. Bununla əlaqədar olaraq, Mərkəz Mərkəzi Asiyada maliyyə institutları arasında Yaşıl İnvestisiya Prinsiplərini təbliğ edəcək, GFLP (“Global Green Finance Leadership Program”) platforması vasitəsilə potensialın artırılması üzrə tədbirlər həyata keçirəcək, yaşıl layihələrin məlumat bazasının hazırlanmasına və regionda davamlı maliyyələşdirmənin genişləndirilməsinə kömək edəcək”.

Teqlər: