Bir il ərzində “Yevlax KOB evi”ndə sahibkarlara 35 minə yaxın xidmət göstərilib (FOTO)

Aprelin 8-də “Yevlax KOB evi”nin fəaliyyətə başlamasından bir il
ötür. Ötən bir ildə “Yevlax KOB evi” tərəfindən sahibkarlara 34996
xidmət göstərilib. Bunlardan 32905-i “G2B”, 2901-i isə “B2B”
xidmətlərdir. Göstərilən xidmətlərdən sahibkarların məmnunluq
səviyyəsi 99%-dir.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən AzerTimes-a verilən məlumata görə, hazırda
“Yevlax KOB evi”ndə sahibkarlara 9 dövlət qurumu tərəfindən 150-dək
“G2B”, 5 özəl şirkət tərəfindən 70-dək zəruri “B2B” xidmətlər
göstərilir. Sahibkarlar ötən bir ildə daha çox vergi və kommunal
xidmətlərlə bağlı “Yevlax KOB evi”nə müraciət ediblər. “Yevlax KOB
evi”ndə sahibkarlara vergi və kommunal xidmətlərlə yanaşı, biznes
fəaliyyəti ilə bağlı lazım olan biznesin qeydiyyatı, sahibkarlıq
fəaliyyəti üçün lisenziyalar və mənşə sertifikatı, əmlakın dövlət
reyestrindən çıxarışı, aqrar sahə üzrə subsidiyalar, açıq məkanda
reklamın yerləşdirilməsinə icazə, qida təhlükəsizliyi sertifikatı,
bank və s. xidmətlər göstərilir.

“Yevlax KOB evi”nin xidmətlərindən daha çox Yevlax, Bərdə,
Mingəçevir və Ağdaşdan olan sahibkarlar istifadə ediblər.

Qeyd edək ki, KOB evləri Kiçik və Orta Biznesin İnkişafı
Agentliyinin (KOBİA) struktur bölməsidir. Hazırda Xaçmaz və Yevlax
şəhərlərində olmaqla iki KOB evi fəaliyyət göstərir. KOB evlərinin
əsas üstünlüyü sahibkarların biznes xidmətlərini vahid məkanda
alması, bununla da vaxtına və əməliyyat xərclərinə qənaət etməsi,
sahibkarlara göstərilən xidmət səviyyəsinin ölçüləbilən
olmasıdır.

Teqlər: