Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil olunan etiraz aksiyası 74-cü gün gecə saatlarında da coşqu ilə davam edir, aksiyada yüksək əhvali-ruhiyyə hökm sürür.
AzerTimes xəbər verir ki, gün boyu olduğu kimi, ekofəallar gecə saatlarında da fəallıq nümayiş etdirir, Azərbaycan cəmiyyətinin haqlı tələblərinin yerinə yetirilməsi məqsədilə şüarlar səsləndirirlər.
Hazırda aksiya iştirakçıları yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış şüarların yer aldığı plakatlar qaldırıblar.
Ekofəalların ilk günlərdən bəri səsləndirdikləri şüarlar dəyişməz olaraq qalır: “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir”, “Ekoloji cinayətə son”, “Stop ecocide”, “Stop Mining”, “Берегите природу”, “Экоциду нет, Мониторингу да”.
Könüllülər dəyişməz şüarları ilə Azərbaycan cəmiyyətinin haqlı narazılığını dilə gətirir, ekoloji cinayətə son qoyulmasını, faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını israrla tələb edirlər. Aksiya sivil qaydalar çərçivəsində davam edir.
Gün ərzində Rusiya sülhməramlılarına və Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus 67 avtomobil aksiya ərazisindən sərbəst keçib. Bu da onu göstərir ki, aksiya ilə bağlı erməni mətbuatında yer alan bütün məlumatlar həqiqəti əks etdirmir. Adəti üzrə onların yaydığı belə məlumatlar anti-Azərbaycan ruhlu növbəti avantüradır.
Xatırladaq ki, ötən il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “Azer Gold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.