Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Avropa çempionatına
start verilib.
Azərbaycan Güləş Federasiyasından AzerTimes-a verilən məlumata görə,
qitə birinciliyində ilk öncə 57, 65, 70, 79 və 97 kq-da çıxış edən
sərbəst güləşçilər mübarizəyə başlayıb.
Əliabbas Rzazadə (57 kq) təsnifat mərhələsində İspaniya
təmsilçisi Levan Metreveliylə 7:0 hesabıyla qalib gəlib. Astara
güləş məktəbinin yetirməsi daha sonra bolqarıstanlı Mikyay Salim
Naimi üstələyib – 9:6. Əliabbas yarımfinalda gürcü Beka
Bujiaşviliylə qarşılaşıb. Görüşün əvvəlindən təşəbbüsə yiyələnən
həmyerlimiz rəqibinə göz açmağa imkan verməyib. Elə ilk hissədə tam
üstünlüklə (10:0) qələbə qazanan Rzazadə debüt etdiyi Avropa
çempionatının finalına yüksəlib. Əliabbas həlledici görüşdə
Vladimir Yeqorovla (Şimali Makedoniya) qarşılaşıb. Rəqib 8:0
hesabıyla önə çıxsa da, görüşün sonlarında həmyerlimiz daha fəal
güləşərək fərqi azaldıb. Ancaq yekunda 6:8 hesablı məğlubiyyətlə
barışan Əliabbas gümüş medala sahib çıxıb.
Yarışın reytinq favoriti olan Hacı Əliyev (65 kq) mübarizəyə 1/4
finaldan qoşulub. Millimizin liderinin bu mərhələdə türkiyəli Munir
Aktaşı 12:6 hesabıyla məğlub edərək yarımfinala yüksəlib. Titullu
güləşçimiz final yolunda moldovalı Maksim Sakultanı sınağa çəkib.
Rəqib əvvəlcə 2 xal qazansa da, təcrübəli pəhləvanımızın geridönüşü
möhtəşəm alınıb. Əliyev rəqibini vaxtından əvvəl məğlubiyyətə
uğradaraq (12:2) 4-cü dəfə Avropa çempionatının finalına yüksəlib.
Onun titul yolunda son rəqibi yerli publikanın sevimlisi İsmayıl
Musukayev olub. Macarıstan təmsilçisi finaldan qalib (12:1) ayrılıb
və Hacı qitə birinciliyini gümüş medalla başa vurub. Bu, onun
Avropa çempionatlarında 4-cü medalı olub.
Zirəddin Bayramov (70 kq) 1/8 finalda macar Daniel Antaldan
güclü olub – 10:6. Şəmkir güləş məktəbinin yetirməsi Şimali
Makedoniyadan olan Fati Veyselini də xalçadan məyus yola salıb –
9:4. Gənc pəhləvanımız finalın bir addımlığında gürcüstanlı Zurabi
Yakobişviliylə güləşib. Gərgin mübarizə şəraitində keçən
qarşılaşmada Bayramov son saniyələrdə qələbəni əldən verib – 3:4.
Zirəddin bürünc medal uğrunda bolqarıstanlı Ramazan Ramazanovla
güləşib. İlk hissəni Bayramov 6:0 hesabıyla öndə tamamlayıb. Ancaq
ikinci hissədə aldığı ağır zədə məğlubiyyətlə (7:11)
nəticələnib.
Əşrəf Aşırov (79 kq) ilk mərhələdə bolqar Miroslav Kirova heç
bir şans tanımayıb – 9:0. Həmyerlimiz 1/4 finalda Arman Avaqyana
tam üstünlüklə (11:0) qalib gələrək adını yarımfinala yazdırıb.
Əşrəfin növbəti rəqibi gürcü Vladimeri Qamkrelidze olub. Görüşə
Gürcüstan təmsilçisi daha yaxşı başlayıb və 4 xalla irəli çıxıb.
Ancaq əsl əzmkarlıq nümayiş etdirən Aşırov təşəbbüsə yiyələnərək
qazandığı ardıcıl xallarla hesabı lehinə dəyişib. Sonadək üstünlüyü
əldən verməyən Əşrəf finala vəsiqə qazanıb. Həmyerlimiz qızıl medal
uğrunda yunanıstanlı Georgios Kuqiumtsidislə güləşib. Gərgin
mübarizə şəraitində keçən qarşılaşmada rəqibinə minimal fərqlə
(6:7) uduzan Aşırov ökəmizə 3-cü gümüş medalı qazandırıb.
Maqomedxan Maqomedov (97 kq) AÇ-yə litvalı Lukas Krasauskas
üzərində qazandığı inamlı qələbəylə (12:2) start verib. Təmsilçimiz
1/4 finalda Gürcüstanın təcrübəli güləşçisi Elizbar Odikadzeni
məğlub edib – 14:7. Maqomedov yarımfinalda polşalı Zbiqniev Mateuş
Baranovskiylə qarşılaşıb. Gərgin keçən görüşdə rəqibini 6:4
hesabıyla məğlub edən Maqomedxan Avropa çempionatının finalına
yüksələn 4-cü güləşçimiz olub. Millimizin üzvü finalda Macarıstan
təmsilçisi Vladislav Baytsayevi məğlub edərək qızıl medal
qazanıb.