Xəbər - Çingiz Səfərli – Trend:
IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Yaşıl Marafon” kampaniyası çərçivəsində ölkə ərazisinin meşə və qeyri-meşə fondu torpaqlarında ağacəkmə tədbirləri davam edir.
AzerTimes-ın məlumatına görə, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib ki, payız ağac əkini mövsümü başlayandan bugünədək ölkə ərazisində ümumilikdə 387,7 hektar ərazidə 394 583 ədəd müxtəlif cinsli ağac əkilib, 5,5 tondan çox toxum səpilib.
V.Kərimov “Yaşıl Marafon” kampaniyasında iştirak edən yerli idarəetmə orqanlarının, qeyri-hökumət təşkilatlarının, dövlət və özəl qurumların nümayəndələrinə, könüllülərə dərin təşəkkürünü bildirib və bütün təbiətsevərləri hazırda davam edən ağacəkmə tədbirlərinə dəvət edib.
IDEA İctimai Birliyinin təşəbbüsü ilə başladılan, ETSN-in təşkilatçılığı ilə keçirilən “Yaşıl Marafon” kampaniyası çərçivəsində ölkə üzrə payız ağac əkininə oktyabrın 22-də start verilib.