Xəbər - Orxan Nəbiyev – Trend:
Almaniyanın “BioNTech” şirkəti 2021-ci il ərzində 15,9 milyard gəlir əldə etməyi proqnozlaşdırır.
Trend-in məlumatına görə, bu barədə şirkətin maliyyə hesabatında deyilir.
Qeyd edək ki, “BioNTech” ABŞ-ın “Pfizer” şirkəti ilə birgə koronavirusa qarşı “Comirnaty” vaksinini hazırlayıb.
Şirkət bu il üçün vaksin satışı üzrə proqnozunu 12,4 milyard avrodan 15,9 milyard avroyadək yüksəldib. Bu proqnoz 2021-ci ilin sonunadək 2,2 milyard doza, 2022-ci ildə isə 1 milyard doza vaksinin tədarükü ilə bağlı müqavilələr əsasında hazırlanıb.
Hesabata əsasən, “BioNTech-Pfizer” konsorsiumu 100-dən çox ölkəyə 1 milyard dozadan çox vaksin tədarük edib. Ümumilikdə, konsorsium bu il 3 milyard, 2022-ci ildə 4 milyard doza vaksin istehsal etməyi planlaşdırır.