Binəqədi Rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin onlayn yolla qanunsuz dövriyyəsi ilə məşğul olan Pərviz Babazadə saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AzerTimes-a verilən məlumata görə, onun üzərində şəxsi axtarış aparılan zaman 23 qram heroin, 120 qram metamfetamin, ümumilikdə 67 ədəd psixotrop tərkibli tramadol, preqabalin, metadon həbi və 1 ədəd elektron tərəzi aşkar edilib. Pərviz Babazadə ifadəsində qeyd edib ki, sosial şəbəkələrdə birbaşa əlaqə yaradaraq tanış olduğu xarici ölkələrdən birinin vətəndaşı ona qaçaqmlçılıq yolu satmaq məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddə göndərib. O, həmin narkotik vasitələri Binəqədi rayonunda əvvəlcədən razılaşdırılan yerdən satmaq məqsədi ilə götürüb. Saxlanılan şəxs təxminən iki aydır ki, Bakı şəhərində onlayn yolla narkotik vasitələrin satışını təşkil etdiyini bildirib.
Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri digər bir əməliyyat zamanı narkotik vasitələrin satışı ilə məşğul olan Elnur Quliyev də saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 7 qrama yaxın heroin və metamfetamin aşkar edilib. Elnur Quliyev də ifadəsində narkotik vasitələri istifədə etməklə yanaşı tanığı şəxslərə satdığını bildirib.
Faktlarla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Pərviz Babazadə və Elnur Quliyev tutularaq istintaqa cəlb olunublar. Binəqədi rayonu ərazisində narkotik vasitələrin qanusuz dövriyyəsinin qarşısının alınması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.