Xəbər - Çingiz Səfərli – Trend:
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri, Binəqədi rayonunda əhalinin tullantı sularının axıdılması xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə yeni layihənin icrasına başlayıb.
Bu barədə AzerTimes-a “Azərsu” Açıq Səhmdar Cəmiyyətini mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, rayonun Binəqədi qəsəbəsi, Cəfər Cabbarlı və Mikayıl Ələkbərov küçələrində inşa edilən yeni kanalizasiya kollektoru burada formalaşan tullantı sularının ekoloji tələblərə uyğun idarə olunmasını təmin edəcək, eyni zamanda yağıntılar zamanı subasma hallarının qarşısını alacaq.
Son illər əhalinin sıx məskunlaşdığı hər iki küçənin bir hissəsinin relyef baxımından çökəklikdə yerləşməsi, ərazidəki mövcud kanalizasiya xətlərinin fərdi qaydada əhali tərəfindən çəkilməsi, eləcə də bəzi yerlərdə tullantı sularının üstü açıq arxlar vasitəsi ilə axıdılması ərazidə ciddi problemlər yaradır.
Burada yaranan tullantı sularının mərkəzləşdirilmiş şəkildə toplanıb kənarlaşdırlmasını təmin etmək məqsədilə “Azərsu” ASC tərəfindən layihə hazırlanıb və yeni infrastrukurun qurulmasına başlanılıb.
Layihəyə əsasən hər iki küçədə 600 mm diametrli borularla yeni daşıyıcı tullantı su xətləri inşa olunur. Ardınca ərazidəki evlərin kanalizasiya xətləri kollektora birləşdiriləcək.