Xəbər - Fərid Zöhrabov -Trend:
Təəsüflə qeyd etməliyik ki, hazırki dövrdə bir sıra çoxmənzilli binalarda zirzəmilərin hər hansı bir yolla zəbt edildiyinin şahidi oluruq. Bu da, öz növbəsində həmin sahələrin özəlləşdirilməsi ilə bağlı hüquqi məqamların aydınlaşdırılması zərurətini yaradır.
Bu barədə Trend-ə hüquqşünas Arif Nəzərov deyib.
Hüquqşünas bildirib ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) sözügedən Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır.
Bununla yanaşı, 1 oktyabr 2009-cu il tarixindən qüvvəyə minmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35-ci maddəsinə uyğun olaraq, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi) və s.) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur.
Həmçinin, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və Mənzil Məcəlləsi və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir.
Mənzil Məcəlləsinin 37.1-ci maddəsinə əsasən isə çoxmənzilli binada mülkiyyətə sahə əldə edilərkən bu binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda pay həmin əldə edənə keçir.
Çoxmənzilli binada ümumi mülkiyyətin azaldılmasına yalnız həmin binanın yenidən qurulması yolu ilə binanın bütün sahə mülkiyyətçilərinin razılığı ilə yol verilir.”