İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına
Nəzarət Dövlət Xidməti mənzil-tikinti kooperativləri tərəfindən
yeni inşa olunan çoxmənzilli binalarda su sayğaclarının
quraşdırılması ilə əlaqədar antiinhisar qanunvericiliyinin
pozulması əlamətləri üzrə qaldırılan işə dair qərar qəbul edib.
Qurumdan AzerTimes-a verilən
məlumata görə, işə baxılması zamanı “Azərsu” Açıq Səhmdar Cəmiyyəti
tərəfindən çoxmənzilli yaşayış binalarında istehlakçılar üçün
nəzərdə tutulan suölçən cihazların sakinlərlə deyil, mənzil-tikinti
kooperativləri ilə bağlanılan müqavilə əsasında quraşdırıldığı və
sayğacların dəyərinin istehlakçılardan tələb edildiyi müəyyən
olunub.
Qəbul edilən qərara əsasən, qanunvericiliklə müəyyən edilən
qaydada tikintisi başa çatan və daxili təchizat sistemi texniki
şərtlərə uyğun qurulan çoxmənzilli yaşayış binalarında mənzil
mülkiyyətçiləri ilə bağlanan fərdi müqavilələr əsasında sayğacların
su təchizatı müəssisəsinin hesabına quraşdırılması barədə “Azərsu”
Açıq Səhmdar Cəmiyyətinə göstəriş verilib.
Qərarda həmçinin sözügedən mənzillərin su təchizatı şəbəkəsinə
qoşulmasından irəli gələn digər məsələlərin həlli, eləcə də
aidiyyəti normativ hüquqi aktlar üzrə nəzərdə tutulan tədbirlərin
Səhmdar Cəmiyyət tərəfindən təmin edilməsi də əksini tapıb.