Xəbər - Çingiz Səfərli – Trend:
Yaşayış binalarında vətəndaşlar tərəfindən təmir işlərinin qaydalara uyğun olaraq aparılmaması müxtəlif fəsadlara gətirib çıxarır. Son belə hadisələr qonşu Gürcüstanda və Türkiyədə baş verib. Belə ki, Gürcüstanın Batumi şəhərində altımərtəbəli yaşayış binasının uçması nəticəsində 8 nəfər həyatını itirmişdi. Hadisə ilə bağlı mənzillərin birində təmir işləri zamanı təhlükəsizlik qaydalarının kobud şəkildə pozması ittihamı ilə üç nəfər həbs edilib. Digər oxşar hadisə Türkiyədə də baş verib. Beləki Malatya şəhərində ikimərtəbəli bina uçub, 10-dan çox insan yaralanıb. Sözügedən binanın da uçmasına konstruksiya işlərinin düzgün aparılmasının səbəb olduğu ehtimal edilir və buna görə 4 nəfər saxlanılıb.
Bəs ölkəmizə vəziyyət necədir və təmir işlərinə nəzarət hansı qaydada təşkil olunur?
Məsələ ilə bağlı AzerTimes-a açıqlama verən əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev qonşu ölkələrdə baş vermiş hadisələrin Azərbaycan üçün də bir siqnal olmalı olduğunu deyib. Onun sözlərinə görə, ölkəmizdə, xüsusən də paytaxt Bakıda istismar müddətini bitirmiş yüzlərlə belə bina var ki, bunların əksəriyyətində konstruksiya işləri qaydalara uyğun şəkildə aparılmayıb.
“Binaların qəzalı vəziyyətə düşməsinə bir sıra amillər təsir edir. İtismar müddətini bitirmiş binaların böyük əksəriyyətində artırmalar var, əlavə konstruksiya dəyişikliyi edilib. Bu artırmalar tarazlığı pozur və zatən istismar müddəti bitmiş binaları daha da qəzalı vəziyyətə gətirib çıxardır. Əlavə olaraq yol kənarında yerləşən istismar müddətini bitirmiş binaların əksəriyyətində əvvəl yaşayış sahəsi kimi istifadə olunan birinci mərtəbələr indi qeyri-yaşayış obyektinə çevrilib. Ara divarlar sökülüb, artırmalar edilib, bəzilərinin zirzəmiləri qazılıb, hətta bünövrədən də aşağı enilib, əlavə qapı-pəncərələr açılıb. Təbii ki, bütün bunlar binanın dözümlülüyü zəiflədilir. Binalarda bu cür konstruksiya dəyişikliklərinin edilməsi yolverilməzdir. Bizdən fərqli olaraq Türkiyədə binaların qəzalı vəziyyətə düşməsinin digər bir səbəbi də seysmik aktivliklərdir. Faktiki olaraq bu gün bizdə güclü zəlzələlər qeydə alınmadığından həmin binalar dayanıb. Lakin hansısa bir partlayış, yeraltı təkan baş versə, həmin proseslər bizdə də yaşana bilər”, – deyə ekspert bildirib.
Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, yaşayış binalarında konstruksiya işlərinin düzgün aparılmasına nəzarət etmək balanssaxlayıcı təşkilat, yaxud da icra hakimiyyətlərinin vəzifəsidir.
Qeyd edək ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 24-cü maddəsinə görə, yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır. Bunun üçün vətəndaş qanunda nəzərdə tutulan sənədləri müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir. Razılaşdırmanı həyata keçirən orqan razılaşdırma barədə qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi ərizəçiyə təqdim edir və ya ərizədə göstərilən ünvana göndərir. Bu sənəd yaşayış sahəsinin yenidən qurulmasının və (və ya) yenidən planlaşdırılmasının aparılması üçün əsasdır.
Twitter: @cingizsafarli