Bilirdim ki, viza alınmayacaq, pullarını götürüb qaçdım – Türkiyədə tutulan şəxs

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda
təqsirləndirilərək Türkiyədən Azərbaycana ekstradisiya edilən
Rövşən Zalovun işi üzrə məhkəmə prosesi keçirilib.

AzerTimes-ın məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə
keçirilən prosesdə təqsirləndirilən şəxs Rövşən Zalov sərbəst ifadə
verib.

O dələduzluğu bilərəkdən törətdiyini etiraf edib. Bildirib ki,
əvvəllər müxtəlif işlərdə çalışsa da, sonradan atasının rəhbərlik
etdiyi su filtrlərinin satışı şirkətində işləyib. “Orada işləyəndə
Nərminə Dadaşova ilə tanış oldum. Sonra onun vasitəsilə Akifi
tanımışam. Akifə söz verdim ki, ona viza düzəldəcəyəm. Bu məqsədlə
ondan 21 min manat almışam. Düşünürdüm ki, səfirlikdə adam tapıb
ona saxta viza düzəltdirəcəyəm. Elə oldu ki, işlər alınmadı, mən də
pulu xərcləmişdim. Məcbur olub, bilet alıb Türkiyəyə qaçdım. Akifin
şikayəti əsasında məni İnterpol vasitəsilə axtarışa verdilər.
2021-ci ildə Türkiyədə Atatürk Hava Limanında yaxalandım və Bakıya
ekstradisiya olundum”, – deyə təqsirləndirilən şəxs bildirib.

Təqsirləndirilən şəxs bildirib ki, həmçinin o Yeganə adlı xanımı
da viza almaq adı ilə aldadaraq 6 min manat alıb: “Həmin pulu
Akifdən götürmüşəm. Mən Akifə yalandan demişdim ki, Macarıstan
səfirliyində tanışım var. Pulla saxta viza ala bilərəm. O da Yeganə
xanımdan 6 min alıb mənə verdi. Amma heç biri alınmadı. Ona görə də
ölkədən qaçdım. Çünki verilən pulları yemişdim.

Daha sonra Nəbi adlı şəxsdən də Akifin vasitəsilə 9 min manat
almışam. Söz vermişdim ki, viza alıb Nəbi və onun ailəsini
Macarıstan səfirliyi vasitəsilə Almaniyaya keçirəcəyəm. Əvvəlcədən
bilirdim ki, bu iş alınmayacaq, amma pul lazım olduğu üçün
dələduzluq elədim”.

Proses aprelin 13-də davam etdiriləcək.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil
Cinayətkarlıqla Mübarizə idarəsinin İstintaq şöbəsinin icraatında
olan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş
Zalov Rövşən Azad oğlunun – 2017-ci il ərzində Bakı şəhərində özünü
turizm şirkətinin rəhbəri kimi təqdim edərək Almaniyada yaşayıb
işləmək üçün viza açdırmağı və göndərəcəyini vəd edərək etibardan
sui-istifadə etmə və aldatma yolu ilə qabaqcadan əlbir olan bir
qrup şəxslə özgənin əmlakını (pul vəsaitlərini) ələ keçirib
zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla təkrarən
dəladuzluq etməsinə əsaslı şübhələr müəyyən edilib.

Zalov Rövşən Azad oğlu barəsində beynəlxalq axtarış elan
edilib.

Axtarışda olan şəxsin yerinin müəyyən edilməsi əsası ilə Baş
Prokurorluğun Türkiyənin Baş Prokurorluğuna etdiyi sorğu təmin
edilməklə Zalov Rövşən Azad oğlu Ədliyyə Nazirliyinin Penitensiar
Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə ölkəmizə ekstradisiya
edilib.

R. Zalov Cinayət Məsəlləsinin 178-ci(dələduzluq) maddəsi ilə
ittiham olunur.

Teqlər: