Biləsuvarın Əliabad-Xırmandalı-Bəydili avtomobil yolu yenidən qurulur (FOTO/VİDEO)

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) 2022-ci il
üçün tərtib etdiyi tədbirlər planına uyğun, rahat gediş-gəlişin
təmin olunmasını, kənd təsərrüfatının inkişafını hədəfləyən yol
infrastrukturu layihələrini icra edir. Onlardan biri də Biləsuvar
rayonunun Əliabad-Xırmandalı-Bəydili avtomobil yoludur.

AAYDA-dan AzerTimes-a bildirilib ki, uzunluğu 11 km təşkil edən
Əliabad-Xırmandalı-Bəydili avtomobil yolunun eni 6 metrdir və IV
texniki dərəcəyə uyğun olaraq bərpa edilir.

Uzun illər istismar olunmasına baxmayaraq əsaslı şəkildə təmir
olunmayan yol çınqıl örtükdən və torpaq əsasdan ibarət idi. Bu
səbəbdən yolda əmələ gələn çalalar, çökmələr, qabarmalar
nəqliyyatın hərəkətində, ən əsası 4 yaşayış məntəqəsinin 19 mindən
çox əhalisinin yoldan istifadəsində çətinliklər yaradırdı.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən qeyd
olunan problemin aradan qaldırılmasına hesablanmış layihə
çərçivəsində yolun deformasiyaya uğramış hissələri yararsız qruntu
qazılaraq çıxarılır, əvəzinə yararlı karxana çınqılı materialı
tökülərək torpaq yatağının bərpası, əks-dolğu və kipləşdirmə işləri
aparılır.

Tikinti norma və standartlarına uyğun olaraq, növbəti mərhələ
üzrə qum-çınqıl və optimal-qırmadaş qarışıqlarından istifadə
olunmaqla yol əsasının alt və üst layının inşa edilir. Artıq yolun
3 km-lik hissəsində sadalanan işlər yekunlaşdırılaraq 2 qat, yolun
2 km-lik hissəsində isə 1 qat asfalt-beton örtüyü döşənib.

Tikinti zamanı 63 mövcud suötürücü borunun bərpası aparılıb.
Layihə üzrə Balhari çayı üzərində uzunluğu 10, eni 9 metr və yolun
5-ci km-də uzunluğu 20, eni 2.50 metr olmaqla 2 ədəd suötürücü
qurğu tikilib.

Layihənin sonuncu mərhələsində km göstəricisi, yol nişanlarının
quraşdırılması və yolun üfüqi nişanlanma xətlərinin çəkilməsi ilə
sözügedən yollarda müasir yol infrastrukturu yaradılacaq və
vətəndaşlarımızın istifadəsinə veriləcək.

Sözsüz ki, avtomobil yolunun yenidən bərpası ərazidə yaşayan
əhalinin daha rahat rahat gediş-gəlişini təmin edərək yük və
sərnişin daşımasını asanlaşdırmaqla iqtisadiyyatın daha da
inkişafına müsbət təsir göstərəcək.

Teqlər: