Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri
növbəti əməliyyat tədbirləri nəticəsində 16 kiloqrama yaxın əsasən
güclü təsir edən xassəyə malik olan müxtəlif növ narkotik vasitələr
aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AzerTimes-a verilən məlumata görə, Biləsuvar
RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri
əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin
qanunsuz dövriyyəsində şübhəli bilinən Abşeron rayonunun Qobu
qəsəbəsinin sakini Şahin Nəzərli Biləsuvar rayonu ərazisində
saxlanılıb. Keçirilən baxış zamanı ona məxsus idman çantasından
ayrı-ayrı bağlamalarda 14 kiloqram 335 qram narkotik vasitə heroin,
1 kiloqram 115 qram tiryək və 410 qram marixuana aşkarlanaraq
götürülüb. Aparılan araşdırmalarla Ş.Nəzərlinin xaricdə yaşayan
narkotacir tərəfindən narkokuryerliyə cəlb edildiyi və onun
vasitəsilə əldə etdiyi narkotik vasitələri deyiləcək yerlərə
çatdırmaqla satışını təşkil etməli olduğu müəyyən edilib. Faktla
bağlı Biləsuvar RPŞ-də araşdırma aparılır.
Qeyd edək ki, Biləsuvar RPŞ-nin əməkdaşları tərəfindən təkcə son
bir ay ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqəli
14 fakt aşkarlanıb. Nəticədə 40 kiloqrama yaxın narkotik vasitə və
psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.