Xəbər - Samir Əli – Trend:
Dövlət Məşğulluq Agentliyi Biləsuvar rayon sakini Süleyman Mahmudovun agentlik tərəfindən ona xəstə heyvanlar verməsi iddiasını təkzib edib.
Agentlikdən AzerTimes-a verilən məlumatda deyilir ki, bununla bağlı bəzi sosial şəbəkələrdə yayılan iddia həqiqəti əks etdirmir.
“Belə ki, vətəndaş bir müddət əvvəl öz istəyi əsasında özünüməşğulluq proqramına cəlb edilib və postmüharibə tədbirləri çərçivəsində növbədənkənar şəkildə 20 qoyun, 1 qoç və 400 kq yem ilə təmin olunub. S.Mahmudova aktivlər təqdim olunan zaman heyvanların sağlamlığına dair rəsmi baytarlıq rəyi ilə təhvil-təslim akti tərtib edilib, vətəndaşla məşğulluq mərkəzi arasında müqavilə imzalanıb. Vətəndaşa heyvanlar təqdim edilən zaman tam sağlam və təsərrüfat artımına yararlı olub. Üstəlik, Süleyman Mahmudov ona təqdim edilən heyvanları şəxsən özü seçib və razılığını bildirib. Bunu təqdim edilən videoda da əyani görmək olar. Onu da qeyd edək ki, Dövlət Məşğulluq Agentliyi tərəfindən Süleyman Mahmudovun həyat yoldaşı Dürdanə Əliyevanın da məşğulluğu təmin edilib. Belə ki, D.Əliyeva 2020-ci ildə haqqı ödənilən ictimai işlərə cəlb edilib və hazırda çalışır” – deyə, məlumatda bildirilir.