Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsində obyektdə baş verən yanğının söndürülməsi istiqamətində işlər aparılır.
AzerTimes xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, polkovnik Taleh Babayev deyib.
O qeyd edib ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsində yerləşən obyektdə yanğın baş verməsi barədə saat 15:26-da məlumat daxil olub:
“FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Bakı Regional Mərkəzinin əməkdaşları hadisə yerinə göndərilib. Ətraf ərazilərə, yaşayış yerlərinə, eləcə də bitişik digər sexlərə yanğının yayılmasının qarşısı alınıb. Yanğın məhdudlaşdırılıb, hazırda söndürülməsi istiqamətində işlər aparılır. Ərazi təxmini 5 min kvadratmetr olsa da, tüstülənmə olduğu üçün yanğın baş verən ərazini müəyyən etmək mümkün deyil”.